Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi 2014-cü ildə yaradılıb.
CNN xəbər verir ki, bu üç ildə artıq nəzərəçarpacaq nailiyyətlər əldə olunub. Dubayda yığılmış iki peyl artıq fəzada öz missiyasını həyata keçirir.
İndi isə Dubay daha ambisiyalı layihəsini elan edib. 2020-ci ildə Marsa ilk uçuş həyata keçirmək. 2117-ci ildə isə Marsda ilk yaşayış məskəni salmaq.
Hətta Youtube-a belə yaşayış məskəninin modeli də yerləşdirilib.
Bu ilin sentyabrında Dubay şeyxləri bildiriblər ki, səhrada Mars səthini təqlid edən simulyasiya mərkəzinin tikilməsinə 136 milyon dollar ayırırlar.
Bu, dünyadakı belə mərkəzlərin ən irisi olacaq. Mars səthində hansı bitkilərin bitə biləcəyi də burada sınaqdan keçiriləcək.
Birləşmiş Ərəb Əmirlikləri bildirir ki, bu missiya ölkədə elmin və iqtisadiyyatın inkişafına təkan vermək məqsədi daşıyır.
Müqayisə üçün Elon Musk-ın SpaceX şirkəti Marsa insanı 2024-cü ildə göndərməyi planlayır. NASA-nın isə 2030-cu illərin əvvəllərində bunu gerçəkləşdirmək planı var.