Əfqan Muxtarlının vəkili: "İndiyə qədər heç bir vəsatətimiz təmin edilməyib"

Əfqan Muxtarlının vəkili: "İndiyə qədər heç bir vəsatətimiz təmin edilməyib"
28 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 28-də Balakən rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist Əfqan Muxtarlının növbəti məhkəmə iclası keçirilib.

Abzas.net xəbər verir ki, məhkəmədə 3 şahid dindirilib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

İfadələr bir birinə zidd idi

Vəkilin sözlərinə görə, verilən ifadələr bir biri ilə ziddiyyət təşkil edib:

"Şahidlərdən birinin ümumiyyətlə heç nədən xəbəri yox idi, digər ikisinin ifadələri isə bir biri ilə ziddiyyət təşkil edirdi".

"İndiyə qədər heç bir vəsatətimiz təmin edilməyib"

Elçin Sadıqov bildirib ki, Əfqan Muxtarlı onun oğurluğunda iştirak edən şəxslərdən birini tanıyıb:

"Azər Şirinov və Ceyhun Qulamov barəsində məlumatların Baş Prokurorluğa göndərilməsi ilə bağlı vəsatət qaldırdıq. Çünki, Əfqan Muxtarlı çıxış edərək bildirdi ki, Azər Şirinovu tanıyır. Onu Gürcüstandan təhvil alıb Azərbaycana gətirən şəxslərdən biri Azər Şirinovdu. Biz xahiş etdik ki, bu fakt Baş Prokurorluğa göndərilsin və adam oğurluğu ittihamı ilə cinayət işi başlanılsın. Məhkəmə bu vəsatəti baxılmamış saxladı və hökmü oxuyarkən qiymət verəcəyini bildirdi".

Vəkil bildirib ki, məhkəmə onların heç bir vəsatətini təmin etməyib:

"Daha sonra, ekspert Ceyhun Allahverdiyevin dindirilməsi ilə bağlı vəsatət qaldırdıq. Məhkəmə bu vəsatəti təmin etmədi. Ümumiyyətlə indiyə qədər qaldırdığımız vəsatətlərin heç biri təmin edilməyib".

Xatırlatma

Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.

Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.

Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.

Mayın 31-i Səbail rayon məhkəməsi Əfqan Muxtarlı haqqında 3 ay həbs qətimkan tədbiri seçib. Daha sonra bu müddət iki dəfə uzadılıb.

Əfqan Muxtarlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun