"Həbsimin sifarişi şəxsən İlham Əliyevdən gəlib"

"Həbsimin sifarişi şəxsən İlham Əliyevdən gəlib"
14 Dekabr 2017
Mətni dəyiş

Bu gün, dekabrın 14-də Balakən  rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi davam edib.

Abzas.net xəbər verir ki, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə Əfqan Muxtarlı ifadə verib. O, necə tutulmasında və Azərbaycana gətirilməsindən danışıb və oğurlanan zaman işgəncəyə məruz qaldığını vurğulayıb:

"Mən prezidentin ailəsinin biznesi haqqında araşdırma yazdığıma görə həbs olunmuşam. Həbsimin sifarişi də şəxsən İlham Əliyevdən gəlib".

Ə.Muxtarlı bildirib ki, Azərbaycan sərhəddinə gətirilənə qədər iki maşın dəyişdirilib, üçüncü maşınla isə Azərbaycana keçirilib: “Sərhəddi keçəndən sonra maşındakılardan birinə zəng gəldi. O da kodla danışdı - “cənab general, molla gəldi, yas yerindəyik” dedi”. Ə.Muxtarlı özünü təqsirli bilməyib. Daha sonra şahid ifadələri dinlənildi. Şahidlər Əfqanın güya sərhəddən qanunsuz keçdiyini, hətta onlarla əlbəyaxa olduğunu da deyib. Proses zamanı vəkillərin narazılığına səbəb olan hadisə baş verdi. Belə ki, şahidlərin ifadələri zamanı məhkəmə zalının qapısının açıq olduğu və bayırdakı şahidlərin ifadə verən şahidin dediklərini eşitdiyi məlum oldu. Ə.Muxtarlının vəkilləri Nemət Kərimov və Elçin Sadıqov sonradan ifadə verən şahidlərin ifadələrinin nəzərə alınmaması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə yalnız bir şahidin ifadəsinin nəzərə alınmaması ilə bağlı vəsatət təmin edib.

Daha sonra prosesdə fasilə elan olundu. Fasilədən sonra da şahid ifadələri dinlənildi. Bir neçə şahid məhkəməyə gəlmədiyindən onların ifadələrinin növbəti prosesdə dinləniləcəyi elan edildi.

Proses dekabrın 28-i, saat 10.30-a qədər təxirə salındı.

***

Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-da   həbs edilib.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun