Zərrab şahid kimi ifadə verməyə hazırdır

Zərrab şahid kimi ifadə verməyə hazırdır
29 Noyabr 2017
Mətni dəyiş

İranlı-azərbaycanlı qızıl ticarətçisi Reza Zərrab, İranın Birləşmiş Ştatların sanksiyalarından yayınması üçün hazırlanmış sxemi və onun iştirakçılarını araşdıran ABŞ məhkəməsinin ilk dinləməsi ərəfəsində təqsirini etiraf edib və bundan sonrakı dinləmələrdə əsas şahid qismində iştirak edəcək.

ABŞ prokurorları bildirirlər ki, Reza Zarrab ilk ifadəsini noyabrın 29-da keçiriləcək dinləmədə verməlidir.

Zərrabın təqsirini etiraf etməsi xəbəri yayılanadək onun mühakimə tərəfi ilə sövdələşməyə girdiyinə dair şayiələr dolaşırdı. İndi məlum olur ki, Zərrab onlarca il dəmir barmaqlıqlar arxasında qalmaqdansa müstəntiqlərlə əməkdaşlıq etmək yolunu seçib.

Zərrabın öz təqsirini etiraf etməsi Türkiyə rəsmilərinin çoxdan bəridir ki, qorxduğu addım idi. Bu hadisə nəticəsində ABŞ və Türkiyə arasında onsuz da gərgin olan münasibətlərin daha da tarıma çəkiləcəyi gözlənilir.

Zərrabla bağlı cinayət işini siyasi motivli adlandıran Türkiyə prezidenti Recep Tayyip Erdoğan əvvəlcə Obamaya, sonra isə Trump-a təzyiq göstərərək təhqiqata xitam verilməsinə çalışırdı.

Vaşinqton təhlilçilərindən Nicholas Danforth Amerikanın səsi radiosuna bildirib ki, bundan sonra Reza Zərrabın nələri bildiyini və nələr barədə məlumat verəcəyini gözləmək qalır.

Zərrabın təqsirini etiraf etməsi o deməkdir ki, daha doqquz müttəhimi əhatə edən bu işin məhkəməsi keçiriləcək və bu məhkəmənin müttəhimlər kürsüsündə oturan yeganə şəxs Türkiyənin dövlət Halkbank maliyyə qurumunun rəhbərlərindən Mehmet Atilla olacaq.

Bu iş üzrə şübhəli bilinən daha 7 nəfər azadlıqda qalır. Keçmiş iqtisadiyyat naziri Zafer Çağlayan da daxil onların əksəriyyəti Türkiyə ərazisindədir.

Zərrab ötən il Floridada ailəsi ilə birlikdə Disney Worldəyləncə şəhərciyinə səfər edərkən həbs edilib və Nyu Yorka etaplanıb. O İran hökumətinin və İran şirkətlərinin adından və ABŞ sanksiyalarından yan keçərək icra etdiyi milyardlarla dollarlıq biznesi ilə bağlı mühakimə olunmalıydı.

Birləşmiş Ştatlara qarşı bank fırıldaqçılığı və çirkli pulların beynəlxcalq miqyasda yuyulması da daxil ona qarşı irəli sürülmüş ittihamlar Zərrabın onilliklərlə həbsxana cəzası çəkməsi ilə nəticələnə bilərdi.

Hələlik Zərrabın etirafı ilə bağlı nə onun vəkilləri, nə də ittiham tərəfi heç bir şərh vermək istəmirlər.

Zərrabın sözü gedən sxemdəki rolu ilk dəfə 2013-cü ildə Türkiyədə üzə çıxmışdı. O vaxt Türkiyə polisi onu və daha 88 nəfəri, yüksək vəzifəli hökumət rəsmilərinin də iştirak etdiyi iddia olunan korrupsiyada ittiham edirdi. Vəzifəli rəsmilərin arasında iqtisadiyyat naziri və Erdoğanın yaxın adamı Zafer Çağlayan da vardı. Erdoğan hökuməti o vaxt baş verənləri hökumət çevrilişi cəhdi kimi pisləmiş, təhqiqatı dayandırmış, bu işi aparan polis və ədliyyə vəzifəlilərini işdən uzaqlaşdırmışdı.

“Qızıl əvəzinə qaz” kimi tanınan bu sxem üzrə Türkiyənin İrandan gizli şəkildə aldığı təbii qazın müqabilində ofşor və saxta şirkətlər vasitəsilə İrana qızıl transfer edilirdi.

Sxemdən əsas məqsəd Tehrana ABŞ sanksiyalarından yan keçmək imkanının yaradılması idi. Bu gizli sövdələşmədən Erdoğanın yaxın çevrəsinin də mənfəətləndiyi bildirilirdi.

Təhlilçilər bu məhkəmə işinin nəticəsi olaraq Türkiyənin azı 6 bankının 20 milyard dollar cərimələnə biləcəyini deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun