Peşəkar karyerasında ən çox siyasi məhbus adlandırılan şəxslərin müdafiəsinə görə tanınan vəkil Yalçın İmanov Vəkilləy Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə qurumdan uzaqlaşdırılıb.
Qərara səbəb Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun vəkil barədə sentyabr ayında ünvanlandırdığı şikayəti olub, Yalçın İmanov BBC Azərbaycancaya bildirib.
Oqtay Məmmədovun şikayətinə səbəb Yalçın İmanovun müdafiə etdiyi "Nardaran məhbusu" Abbas Hüseynov barədə işgəncə iddiasıdır.
Vəkilin məlumatına əsasən, onun qurumdan xaric olunması üçün kollegiya məhkəməyə müraciət edib, lakin məhkəmənin qərarına qədər onun vəkillik fəaliyyəti dayandırılır.
Avqustun əvvəlində, Yalçın İmanov "Nardaran işi" nəticəsində həbs edilmiş və hazırda Qobustan Qapalı Həbsxanasında saxlanılan Abbas Hüseynovun "dəfələrlə işgəncəyə məruz qalmasına" dair şikayət etmişdi.
Bundan sonra Milli Preventiv Qrupunun əməkdaşları avqustun 10-da Abbas Hüseynovla görüşərək onun şikayətləri barədə Baş Prokurorluğa və Penitensiar Xidmətə məktub göndərib, vəkil bildirib.
Lakin vəkil idda edir ki, Qaradağ prokurorluğu işgəncə şikayətinə dair araşdırmanı yalnız oktyabrın 21-də, idda edilən hadisədən iki yarım ay sonra Abbas Hüseynova baş çəkdikdən sonra başlayıb.
Yalçın İmanov israr edir ki, bu müddətdə işgəncə əlamətlərinin Abbas Hüseynovun bədəni üzərində qalması mümkün deyil.
BBC Azərbaycanca hələlik prokurorluqla və ya Ombudsmanla əlaqə yarada bilməyib.
Vəkilləri "cəzalandırmaq"
Vəkil qərarın məqsədinin "siyasi məhbusları təcrid" etmək olduğunu deyir.
O, deyir ki, kollegiyanın qərarının səbəbi siyasi məhbus adlandırılan şəxslərin müdafiəsilə məşğul olan vəkilləri "cəzalandırmaq"dır.
Yalçın İmanov Vəkillər Kollegiyasının şikayətilə bağlı məhkəmədə özünü müdafiə edəcəyini, lakin müsbət nəticəyə heç bir ümidinin olmadığını deyib.
"Bununla vəkillərə demək istəyirlər ki, istənilən vasitəylə pul qazana bilərsiniz, amma bu cür işlərə qoşulanda cəzalandırılacaqsınız", Yalçın İmanov deyib.
Keçən ay Azərbaycanda vəkillərin nümayəndəlik institutunu ləğv etmə qərarını nümunə göstərərək, Yalçın İmanov onun kollegiyadan xaric edilməsinin və digər vəkillərin də üzləşdiyi iddialar və ittihamların eyni məqsədi daşıdığını deyib.
Milli Məclisin oktyabrın 31-, fiziki şəxslərin yaxın qohumları istisna olmaqla, bütün məhkəmə işlərində fiziki şəxsləri yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar təmsil edə biləcək.
Bununla Yalçın İmanov onun peşə fəaliyyətinin tamamilə bitdiyini deyib.
"Hansı işlə məşğul olacağımı bilmirəm", vəkil bildirib.
Abbas Hüseynova dair işgəncə iddiaları
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hüseynova həbsinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkməklə 20 il həbs cəzası verilib.
O və daha 17 nəfərə Nardaranda 2016-cı ilin noyabr ayında keçirilən əməliyyatdan sonra hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 6 nəfər öldürülüb.
Avqustun 9-u Abbas Hüseynovun "karsda saxlandığını" və onunla avqustun 8-də keçirdiyi görüşdə "bədənində işgəncə əlamətlərini" gördüyünü deyib.
O, həmçinin Abbas Hüseynovun iyun və iyul aylarında da "işgəncə və zor tətbiqə məruz qaldığını" iddia edib.