Araşdırmaçı-jurnalist Xədicə İsmayılın bank hesabına həbs qoyulduğu bildirilir.
Bu haqda jurnalistin özü məlumat yayıb.
X.İsmayılın bildirməsinə görə, bank hesablarına həbs qoyulması haqda ona bu gün, noyabrın 14-ü məlumat verilib. O vurğulayıb ki, həbs noyabrın 8-də Vergilər Nazirliyinin tələbi ilə onun "Kapital Bank"dakı hesabına qoyulub.
"Noyabrın 27-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində bu məsələ ilə bağlı məhkəmə baxışı olacaq. Məhkəmə qərar verənədək bank hesablarımda həbs olacaq", - jurnalist bildirib.
Jurnalistin deməsinə görə, məhkəmə onun vergi öhdəliyinin olub-olmaması barədə qərar verəndən sonra bank hesabı ilə bağlı həbs qərarına aydınlıq gələcək.
X.İsmayıl son illər bir neçə mükafata layiq görülüb. Jurnalistin deməsinə görə, həmin mükafatlarla bağlı onun "Kapital Bank"dakı hesabına vəsait daxil olub. O, hesabın üzərinə həbs qoyulmasının da elə vəsaitin daxil olmasından sonrakı dövrə təsadüf etdiyini düşünür.
X.İsmayıl deyib ki, qalibi olduğu mükafatların bir neçəsinin banka köçürülmüş vəsaitini ala bilməyib.
"UNESCO-nun mükafatı göndərilərkən də problemlə qarşılaşmışdım. O zaman hesab açmaq üçün dörd banka getdim. Banklarda sistem mənim adımı qəbul etmirdi. Məlum idi ki, sifariş verilib. Nəhayət, UNESCO-ya şikayət etdim və "Kapital Bank"da hesab aça bildim. Mükafatımı hissə-hissə ala bildim. İndi isə son iki mükafatımın hissə-hissə göndərilməsini xahiş etmişdim. Mükafatın bir hissəsini göndəriblər və bu zaman bank hesabıma həbs qoydular", - o qeyd edib.
"Görsəm ki, mükafatı ala bilmirəm..."
Jurnalist bank hesabına həbs qoyulmasını ironiya ilə «mükafatı ofşor zonalar vasitəsilə almağa çağırış» kimi qəbul etdiyini deyib.
"Ancaq yox, mən belə etməyəcəm. İstəyirəm mükafatım Azərbaycana gəlsin, qanuni yollarla dövlət büdcəsinə vergimi ödəyim. Bunun üçün qanunun imkan verdiyi çərçivədə mübarizə aparacam. İndi məhkəməyə müraciət edəcəm", - o vurğulayıb.
Jurnalist mükafatı ala bilmədiyi təqdirdə vəsaitin Azərbaycanda korrupsiya hallarının araşdırılmasına sərf olunmasını xahiş edəcəyini bildirib.
"Görsəm ki mükafatı ala bilmirəm, o zaman mükafatı verən təşkilatlardan xahiş edəcəm ki, vəsaiti xeyriyyə və Azərbaycanda korrupsiya hallarının araşdırılması məqsədilə xərcləsinlər", - X.İsmayıl qeyd edib.
Xatırlatma
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.
X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı ilin mayında həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.
X.İsmayıl son illər bir neçə mükafata layiq görülüb. O, dünyada azadlıq mesajını yayan jurnalist kimi 2016-cı ildə UNESCO-nun "Gilyermo Kano Dünya Mətbuat Azadlığı" Mükafatına layıq görülüb.
Bu il sentyabrın 26-da X.İsmayıl "Nobel mükafatına alternativ» - «Dürüst Həyat"(Right Livelihood) laureatı adını qazanıb.
Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi "Allard" mükafatının qalibi də X.İsmayıl elan edilib.