27 Noyabr 2017
Mətni dəyiş
Suriyanın şərqində Rusiyanın hava zərbələrindən azı 53 dinc sakin öldürülüb, onlardan 23-ü uşaqdır. Zərbələr İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan kəndə endirilib.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı bildirir ki, hücum noyabrın 26-da səhər tezdən Deir al-Zor vilayətində baş verib. İlkin olaraq 34 nəfərin öldürüldüyü bildirilirdi.
“Xilasetmə əməliyyatının sonunda ölü sayı artdı”, – təşkilatın rəhbəri Rami Abdel Rahman “Frans Pres” agentliyinə bildirib.
Onun sözlərinə görə, zərbələr Fərat çayının şərq sahilindəki Al-Shafah kəndindəki “yaşayış binalarına” endirilib. Hücumda azı 18 nəfərin də yaralandığı bildirilir.
Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb. Rusiya ordusu da şərh verməyib.
Təşkilat Suriyada mənbələr şəbəkəsinə istinad etdiyini, həmçinin özünün də hücumların tipi, məkanı, uçuşlar və istifadə olunan silahlara əsasən onları hansı ölkənin gerçəkləşdirdiyini müəyyən etdiyini bildirir.