Noyabrın 20-si Rusiyalı senator, işadamı Suleiman Kerimov Fransada, Nitsa hava limanında saxlanıb. Onun aktivlərinin əsas hissəsini təşkil edən «Polyus» qızıl hasilatı şirkəti oğluna məxsusdur. Belə ki, Rusiya qanunlarına görə, Federasiya Şurasının üzvləri bizneslə məşğul ola bilməzlər. CurrentTime.TV S.Kerimov-un pulu necə qazandığı və necə xərclədiyinə nəzər salıb.
51 yaşlı S.Kerimov Dərbənddə doğulub. O, Dağıstan Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Kerimov-un ilk uğuru həyat yoldaşı Firuza, daha doğrusu, onun iri partiya funksioneri olan atası olub. Məhz qayınatası Kerimov-u «Eltav» zavodunda işə düzəldərək, onun uğurlu karyerasına təkan verib. Kerimov Moskvaya çalışdığı zavod burada yerləşən «Fedprombank»ın həmtəsisçisi olandan sonra gəlib.
Paytaxtda Kerimov çoxlu faydalı əlaqələr qurub və özünü müxtəlif biznes layihələrində sınayıb. Bu layihələrdən biri «Vnukovo Hava Yolları»nın yenidən satılması olub. Sonradan məhz biznes və daşınmaz əmlakın alınıb-satılması Kerimov-un əsas fəaliyyətinə çevrilib.
1998-ci ildə Kerimov «Nafta Moskva» investisiya şirkətinin səhmlərinin 55%-ni əldə edib. Müştərilərinin çoxunu itirmiş, ancaq hələ də aktivlərini qoruyub saxlaya bilən «Nafta» Kerimov-a çox ucuz, cəmi 50 milyon dollara başa gəlib. Məhz bu addım onu böyük biznesə gətirib çıxaran tramplin olub.
AKTİVLƏR
2005-ci ilin sonunda «Nafta» Rusiyanın ikinci qızıl hasilatı şirkəti olan «Polimetall»ı 900 milyon dollara satın alıb. Artıq 2006-cı ildə «Nafta»nın aktivləri bunlar idi:
- «Sberbank»ın səhmlərinin 6%-i,
- «Gazprom»un səhmlərinin 4%-dən çoxu,
- Moskva və Sankt-Peterburqda fəaliyyət göstərən kabel televiziyası operatorları: «Mosteleset» və «Natsionalnıye kabelnıye seti» (Milli kabel şəbəkələri),
- «Binbank»ın səhmlərinin demək olar ki, 20%-i,
- Krasnopresnensk şəkər rafinad zavodunun səhmlərinin 91%-i,
- «Merkado» supermarketlər şəbəkəsinin səhmlərinin 50%-i.
2006-cı ilin iyulunda isə Kerimov Deripaska və Abramovich-lə birlikdə «Rosneft»in səhm paketini əldə edib.
Bütün bunlara paralel olaraq, S.Kerimov-un siyasi karyerası da inkişaf edib. O, iki dəfə Dövlət Dumasının deputatı seçilib, 2008-ci ildənsə Dağıstan Respublikasının Federasiya Şurasındakı nümayəndəsidir.
HƏR ŞEYİNİ İTİRİR, UÇURUMDAN YENİDƏN ÇIXIR
Müəyyən məqamda Kerimov öz biznesini Qərbdə də inkişaf etdirmək qərarına gəlib. 2007-ci ilin sonuna doğru o, Rusiyada əlində olanların, demək olar, hamısını sataraq, Qərb şirkətlərinə investisiya qoymağa başlayıb. Beləliklə, Kerimov-un portfelində «British Petroleum», «Deutsche Telekom», «Boeing», «Deutsche Bank» və bir çox başqa bu kimi şirkətlərin səhmləri əmələ gəlib.
2008-ci ilin maliyyə böhranı Kerimov üçün dəhşətli hadisə olub.İşadamı böhran zamanı onun aktivlərinin başına gələnləri sirr kimi saxlayır. Bu zaman o, demək olar, hər şeyini itirib. Ancaq Kerimov nüfuzunu qoruyub saxlaya bilib və yavaş-yavaş uçurumdan çıxmağa başlayıb.
Onun böhrandan sonrakı ilk böyük əməliyyatı «Polyus Zoloto» qızıl hasilatı şirkətinin səhmlərinin 39%-ni satın alması olub. Hazırda bu şirkət Kerimov-un oğlu Said-ə məxsusdur. Eyni zamanda o, dünyada kalium gübrələri istehsal edən ikinci ən böyük şirkət olan «Uralkaliy»i satın alıb. Bundan sonra Kerimov Mahaçqalanın «Anji» futbol klubunu və Lacivərd sahilində malikanələr alıb. Kerimov məhz bu malikanələrə görə saxlanılıb. Qeyd edək ki, Kerimov-un əmlak bəyannaməsinə əsasən, onun və ailə üzvlərinin xaricdə hər hansı daşınmaz əmlakı yoxdur.
S.Kerimov «Forbes»un Rusiyanın ən zəngin iş adamları siyahısında 21-ci yeri tutur. Bu reytinqə görə, onun varidatı 6 milyard dollardan artıqdır.