Noyabrın 29-da Yasamal Rayon Məhkəməsində keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunan Qiyas İbrahimovun işinə baxılmalıydı. Bakı Apellyasiya Məhkəməsində onun işinə baxmış hakimlərə qarşı hörmətsizlikdə ittiham olunan gənc fəal bu işdə atası Həsən İbrahimovla birlikdə mühakimə olunur.
Amma Qiyası məhkəməsinə gətirməyiblər. İşə baxan hakim bildirib ki, dustaqları məhkəməyə gətirən Penitensiar Xidmətin əməkdaşları gecikiblər, ona görə də Q.İbrahimovu gətirib çatdıra bilməyiblər. Bu səbəbdən də hakim Qiyas və atasının məhkəməsini dekabrın 6-na saxlayıb.
Q.İbrahimovun anası Şura Əmiraslanova buna etiraz edib. Bildirib ki, oğlunun taleyindən narahatdır.
«Sonuncu məhkəmə iclasından sonra Qiyasdan heç bir xəbər yoxdur. Dustağın həftədə iki dəfə yaxınları ilə danışmaq hüququ var. Son məhkəmədən bir həftə keçib, amma Qiyas heç zəng eləməyib. Buna görə nigaran idim. Bu gün məhkəməyə gətirilməməsi narahatlığımı bir az da artırdı. Niyə gecikirlər? Niyə kimlərəsə görə mənim övladım yollarda qalmalıdır?», - Ş.Əmiraslanovanın sözləridir.
Q.İbrahimov narkotik ittihamı ilə ona verilmiş 10 illik cəzanı 2 Saylı Cəzaçəkmə Müəssisəsində çəkirdi. Onun və atasının haqqında CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə yenidən iş başlayandan sonra gənc fəal Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb.