"Prokurorluq siyasi işlərə çıxan vəkilləri hədəfə alıb"

"Prokurorluq siyasi işlərə çıxan vəkilləri hədəfə alıb"
20 Noyabr 2017
Mətni dəyiş

Baş prokurorun birinci müavini  4 vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib, vəkillər deyir.

Müraciətdə Nemət Kərimli, Əsabəli Mustafayev, Aqil Layıc və Fəxrəddin Mehdiyevin adları çəkilir.

"Bizi istintaq sirrini pozmaqda günahlandırırlar", BBC Azərbaycancaya müsahibə verən vəkillər inzibati orqana izahat yazdıqlarını deyirlər.

Vəkillər Kollegiyası BBC Azərbaycancaya bildirib ki, hazırda işə intizam komissiyası baxır. Baş Prokurorluq isə şərh verməyib.

Vəkil Aqil Layıc deyir ki, o, bununla bağlı Vəkillər Kollegiyasına çağrılıb və izahat verib. Vəkilin sözlərinə görə, o, istintaq sirrini yaymaqda günahlandırılır.

"Söhbət məhkəmə prosesi bitmiş bir işlə bağlı materiallardan gedir. KİV haqqında qanun vəkilin məlumat verməsini qadağan etmir. Məhkum olunmuş şəxsin mətbuat vasitəsilə öz hüququnu bildirmək hüququ var", o əlavə edir.

Vəkil iddia edir, prokurorluq "siyasi işlərə çıxan vəkilləri" hədəfə alıb.

Cahangir Hacıyev
Cahangir Hacıyevin vəkillərindən Vəkillər Kollegiyasına şikayət olub

"Hökm qanuni qüvvəyə minib"

Onun "istintaq sirri yaymaqda ittiham edildiyi iş" Beynəlxalq Bankın keçmiş sədri, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 15 illik həbs cəzası almış Cahangir Hacıyevlə bağlıdır.

Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyev də eyni səbəblə Vəkillər Kollegiyasına çağrılıb.

"Vəkillər Kollegiyasının intizam komissiyası Baş Prokurorluğun bu müraciətini araşdırır. Hələ barəmizdə qərar verilməyib".

Fəxrəddin Mehdiyev əlavə edir ki, o, istintaq sirrini yaymayıb. "Prokurorluğun istinad etdiyi istintaq materialları üzrə məhkəmə prosesi başa çatıb və hökm qanuni qüvvəyə minib. Bu halda istintaq sirri necə yayıla bilər?", o deyir.

Gözəl Bayramlı
Gözəl Bayramlı

"Guya işi siyasiləşdirmişəm"

Digər vəkil Əsabəli Mustafayev AXCP sədrinin müavini, hazırda həbsdə olan Gözəl Bayramlıya görə izahat yazmalı olub.

Vəkil Mustafayev BBC Azərbaycancaya bildirib ki, o, Gözəl Bayramlının işini "siyasiləşdirməkdə" və "istintaqdakı sübutlara qiymət verməklə işin gedişinə təsir göstərməkdə" ittiham olunur.

"Prokurorluqla müdafiə tərəfi çəkişən tərəfdir. Mövqelərin üst-üstə düşməməsi təbiidir. Əksinə, düşsəydi, suallar yaranardı. Mən izahat yazdım və bildirdim ki, mənə qarşı yönələn ittihamın heç bir əsası yoxdur".

O, Baş Prokurorluğun müraciətini "təzyiq" kimi qiymətləndirir.

Baş Prokurorluq BBC Azərbaycancaya məsələni şərh etmək istəməyib.

Vəkillər Kollegiyasından isə bildiriblər ki, vəkillərlə bağlı müraciətə intizam komissiyasında baxılır, hələ qərar yoxdur: "Kollegiyanın iclasında qərar veriləcək, iclasın isə vaxtı isə hələ məlum deyil".

Qanuna görə...

Müvafiq qanunvericiliyə əsasən, barəsində belə təqdimat verilən vəkilə rəsmi xəbərdarlıq oluna, o Vəkillər Kollegiyasından kənarlaşdırıla bilər.

İndiyə qədər Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

Bu günlərdə vəkillərlə bağlı qanuna edilən dəyişikliyə görə, nümayəndəlik ləğv olunub.

Yəni Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar artıq təkcə cinayət işlərində yox, həm də mülki məsələlərdə onlara müraciət edənləri məhkəmədə müdafiə edə bilməyəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun