Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri Rəhman Məmmədli və Əbülfəz Qurbanlı Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri James Holder-lə görüşüb.
Abzas.net xəbər verir ki, bu barədə Rəhman Məmmədli məlumat verib.
Rəhman Məmmədli bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar, Hərəkatın qanunsuz olaraq hərbi xidmətə aparılan İdarə Heyəti üzvü Ülvi Həsənli haqda müzakirələr aparılıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri James Holder, səfirlik olaraq siyasi məhbus problemini daim diqqətdə saxladıqlarını, bundan sonra da bu məsələyə həssas yanaşacaqlarını bildirib:
"Biz məhbus problemləri ilə maraqlanırıq, məhkəmə proseslərində iştirak edirik. Nida Vətəndaş Hərəkatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Bu cür görüşlərin əhəmiyyətini nəzərə alaraq intensivliyinə çalışmalıyıq."
Öz növbəsində Rəhman Məmmədli də görüşdən razı qaldıqlarını və diplomatik korpusların nümayəndələri ilə görüşləri davam etdirəcəklərini bildirib:
"Ölkədəki diplomatik korpus nümayəndələri ilə davamlı ünsiyyət, qarşılıqlı fəaliyyət bizimçün də əhəmiyyətlidir".