Noyabrın 5-də Nida Vətəndaş Hərəkatının təşkilatçılığı ilə Müsavat partiyasının qərargahında "Avropa Şurası-Azərbaycan: Bizi nə gözləyir?" adlı tədbir keçirilib.
Abzas.net əbər verir ki, tədbirdə gündəmin əsas mövzularından biri olan Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi müzakirə olunub.
Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov və Müsavat başqanının müavini Elman Fəttah fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Akif Qurbanov bildirib ki, Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı gəzən söhbətlər "blef" xarakterlidi və real deyil:
"Unutmayaq ki, Avropa Şurası həm də, Avropa İttifaqıdır. Avropa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır. Düşünürəm ki, bu mesajları reallıqdan daha çox, "blef" kimi qiymətləndirmək lazımdı."
Elman Fəttah çıxışı zamanı bildirib ki, o da, bunun "blef" olduğunun qənaətindədir:
"Mən Azərbaycanın AŞPA-dan çıxmağına ehtimal vermirəm. Lakin bu baş verərsə ölkəni dəhşətli hadisələr gözləyəcək."
Azərbaycanın İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını daim icra etməməsi ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının bürosu Avropa İnsan Hüquqları Konvensiyasının tərəflərini mümkün qədər tez Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş proseduru tətbiq etməyə çağırıb.
Konvensiyanın 46-cı maddəsində deyilir ki, Nazirlər Komitəsi ölkənin işlə bağlı yekun qərarı yerinə yetirməkdən imtina etdiyini hesab edirsə və məhkəmə pozuntunu təsdiq edirsə iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir.
Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.