Şirvanda saxlanan müsavatçı Əlikram Xurşidova cinayət işi açıldığı bildirilir.
Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib.
Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. Onu noyabrın 22-si axşam saatlarında Şirvanda polislərin saxladığı bildirilir. Müsavatçının bu gün, noyabrın 24-ü məhkəmə qarşısına çıxarılması gözlənir.
N.Kərimlinin bildirdiyinə görə, onu əvvəlcə Ə.Xurşidov ilə görüşə buraxmayıblar. O, bu gün, noyabrın 24-ü Şirvan Şəhər Polis İdarəsinə gedib. Deməsinə görə, müsavatçı ilə görüşməkdən ötrü gərəkli olan sənədləri - vəkillik vəsiqəsini və orderini səlahiyyətli şəxsə təqdim edib.
"Orda orderi götürməkdən imtina etdilər. Qanunvericiliyə söykənərək israr etsəm də, dedilər ki, yalnız rəislə məsləhətləşdikdən sonra qərar verə biləcəklər", - deyən vəkilin bildirməsinə görə, əslində onu dərhal hüquqlarını müdafiə etdiyi şəxslə görüşdürməlidirlər.
N.Kərimli müdafiə etdiyi şəxs ilə görüşə buraxılmaması ilə bağlı Ombudsman Aparatına məlumat verdiyini qeyd edib. Onun deməsinə görə, yalnız bundan sonra Ə.Xurşidovla görüşməsinə şərait yaradılıb.
"Görüşdən sonra öyrəndim ki, Müsavat Partiyasının Şirvan təşkilatının sədrinə cinayət işi açılıb. Onu Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham edirlər", - vəkil vurğulayıb.
Noyabrın 24-ü Şirvan Şəhər Məhkəməsi müsavatçı barəsində məhkəməyəqədər həbs tədbirinin seçilməsi barədə vəsatətə baxmalıdır.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında bildirilir ki, Ə.Xurşidov heç bir qanuni əsas olmadan bir sutkadan artıqdır polisdə saxlanılır. Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli də ehtimal edib ki, Ə.Xurşidova hansısa «qondarma» cinayət işi açılıb. O vurğulayıb ki, Ə.Xurşidov siyasi fəallıq göstərdiyinə görə yerli hakimiyyətin hədəfində olub, saxlanmasının də başlıca səbəbi tənqidi mövqeyi, müxalifətçi olmasıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti də müsavatçının saxlanılması faktına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Ə.Xurşidovun konkret şikayət əsasında saxlanıldığını bildirib. O, işin detalları haqda danışmayıb.
Amma Ə.Xurşidovun tənqidi mövqeyinə görə saxlanması ilə bağlı deyilənlərə şəhər rəsmilərinin fikrini öyrənmək hələlik mümkün olmayıb.
irvan Şəhər Məhkəməsi Müsavat Partiyasının yerli təşkilatının sədri Əlikram Xurşidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Qərar bu gün, noyabrın 24-ü verilib.
Bu haqda AzadlıqRadiosu-na müsavatçının vəkili Nemət Kərimli məlumat verib.
Nemət Kərimlinin sözlərinə görə, Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədrinə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham olunur.
N.Kərimli bildirib ki, müdafiə etdiyi şəxs qərarla razılaşmır. Ona görə də yaxın günlərdə qərardan apellyasiya şikayəti veriləcək.
Müsavat Partiyasının məlumatına görə, bu partiyanın Şirvan şəhər təşkilatının sədri Ə.Xurşidovu noyabrın 22-si axşam saatlarında polis saxlayıb. Partiya şəhər polisinə müraciət etsə də, onlara hər hansı açıqlama verilməyib.
Müsavat Partiyası onu da bəyan edib ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb.
Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.