Əbülfəz Qurbanlı
Gənclər siyasəti yoxsa beş illik proqram oyunu? Gəncləri növbəti beş illik proqram gözləyir.Söhbət “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramından gedir.
Bundan əvvəl də iki belə proqram olub. İlk proqram 2005-2009-cu, ikinci proqram isə 2011-2015-ci illəri əhatə edirdi. Bundan əlavə 2011-ci il “gənclər ili” elan olunmuşdu.
Üst-üstə 10 ili əhatə edən proqramlar hansı problemləri həll etməli, gənclərin hansı istiqamətlər üzrə inkişafına dəstək olmalı idi?
Bir qayda olaraq bu cür sənədlər “vətənpərvərlik ruhunun” tərbiyəsi ilə başlayıb “Heydər Əliyev irsi”nin öyrənilməsi ilə başa çatır. Sənəddə həmçinin xeyli mühüm və faydalı məsələlər öz əksini tapır. Bura gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, işsizlik probleminin həlli, gənc ailələrin mənzil təminatı, təhsildə, səhiyyədə gənclər üçün xüsusi imkanların yaradılması, ailə institutunun möhkəmləndirilməsi, bacarıq və qabiliyyətlərinə görə gənclərin peşə biliklərinə yiyələnməsi, məhbus həyatı yaşayan gənclərin reabilitasiyası, hətta gənc ailələrə istirahət imkanlarının yaradılmasına qədər dövlət qayğısı daxildir.
Bəzi abstrakt punktları kənara itələmək şərtilə bu proqramlar ölkə gəncliyinin problemlərini tam da olmasa əks etdirir. Məsələ ondadır ki, vəd olunan bu dövlət qayğısı yalnız kağız üzərində qalıb.
Məhz, bu proqramların tətbiq olunduğu dövrdən təhsil sahəsində ciddi geriləmələr başlayıb, ali məktəbə sənəd verənlərin 70-80 faizi 200-dən artıq bal toplaya bilməyib, gənc mütəxəssislərin 75 faizi ölkəni tərk edib, 500-600 min gənc ailə kirayələrdə yaşayıb.
Azad Rəhimovun “Gənclər Şəhərciyi”nin tikilib gənc ailələrin mənzil problemlərinin həll olunacağını vəd etdiyi dövrdən uzun zaman keçib. 2005-2010-ci illər ərzində cəmi 2500 gənc ailə güzəştli şərtlərlə mənzilə sahib ola bilib. Bəs qalan kirayədə yaşayan ailələr? Bu suala nə gənclərin naziri, nə də bütövlükdə Azərbaycan hakimiyyəti indiyədək cavab verə bilmədi.
Adətən tələbəlik illəri insanın həyatında ən gözəl və maraqlı dövr kimi qalır. Müasir Azərbaycanda vəziyyət fərqlidir. Təkcə 2014-2016-ci illərdə 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən kənarlaşdırılıb. Düzdür, 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə təsis olunmuş “Maarifçi” Tələbə Kredit Fondu bu istiqamətdə bəzi işləri görüb, ancaq struktur 10 universitetdən ümumilikdə cəmi 350-400 nəfərə güzəştli kredit verə bilir. Həmçinin, 1-ci kurs tələbələrə kreditin verilməsi nəzərdə tutulmur. Göründüyü kimi, Fond hətta 5% tələbələrin problemini həll edə bilmir.
Təhsilin baha olması əsasən, onun keyfiyyətinə söykənir. Bütün dünyada belədir, Azərbaycandan başqa. Bu mənada Azərbaycan həqiqətən də analoqu olmayan ölkədir. Əksər ekspertlərin sözlərinə görə, ölkənin universitetlərində keyfiyyət qiymətlərə uyğun deyil. Bunu anlayan Azərbaycan məzunları təhsilin davamı üçün xaricə üz tutur. UNESCO-nun statistikasına görə 2012-ci ildə 22 min tələbə təhsil üçün xaricə gedib və bu rəqəm ildən ilə artır. Başqa problem ondan ibarətdir ki, xaricə təhsil üçün gedən gənclərin çoxusu ölkəyə qayıtmaq istəmir.
Böyük əziyyətlərlə ali təhsili alandan sonra gənclər başqa bir problemlə üz-üzə qalırlar. Gənc mütəxəssislər əlində diplom iş axtarışına çıxırlar və buna ayları, hətta illəri sərf edirlər. Sən demə, ölkədə iş tapmaq o qədər da asan iş deyilmiş. Çox vaxt gənclərdən “tanış yoxdursa, batdın” ifadəsini eşidirik. Dövlət məmurlarınım sözlərinə rəğmən ölkədə işsizlər ordu yaranıb. Rəsmi məlumatlarda deyilir ki, 2010-cu ildən bu günədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə də işə düzələnlərin 70 faizi gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi 15 faizdən 10,9 faizə enib. Bu rəqəmlərin reallığı əks etdirmədiyi birmənalıdır. Bu günlərdə 80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib
“Greencard Azərbaycan” şirkətinin açıqlamasına görə, ötən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dir. Milyonlarla azərbaycanlının ölkəni məhz, işsizlik üzündən tərk etməsi ölkənin gündəliyindəki əsas problemdir.
Hər il sosial vəziyyət çətinləşir, yaşamaq şərtləri ağırlaşır, hökumət isə növbəti beş illik proqramla milyonları gəncliyə dəstək adı ilə xərcləməkdə davam edir. 2012-2016-cı illərdə dövlət büdcəsindən məqsədli olaraq Gənclər Fonduna 24,6 milyon manat, yəni bir ilə orta hesabla 4,9 milyon manat vəsait ayrılıb. 2011-2016-cı illər ərzində isə ölkədə gənclər siyasətinin həyata keçirilməsi üçün dövlət büdcəsindən məqsədli olaraq 44,8 milyon manat, bir il üçün orta hesabla 7,5 milyon manat vəsait ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatını yaxşılaşdırmaq üçün həmin illərin dövlət büdcəsindən üst-üstə 74 milyon manat vəsait ayrılıb.
Nəticə nədən ibarətdir? Gəncliyin həyatında bu beş illiklər nə dəyişib? Bu proqramların əsl məqsədi nədən ibarətdir? Niyə hər il mühacirət edən gənclərin sayı artır?
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu kimi dövlət qurumları bu suallara cavab verməlidirlər. Azərbaycan gəncliyi üçün ayrılan milyonlarla manatın hansı yöndə xərcləndiyinin, hansı nəticələr əldə olunduğunun hesabatın verməlidirlər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.