Bu gün, noyabrın 7-si Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətləri rədd edib.
Abzas.net xəbər verir ki, bu barədə vəkillər Elçin Sadıqov və Əsabəli Mustafayev məlumat veriblər.
Əfqan Muxtarlının məhkəməsində, onu Osman Kazımov və Elçin Sadıqov təmsil edib.
Vəkillərin bildirdiyinə görə, Ə.Muxtarlının ev dustaqlığına buraxılmasından ötrü indiyədək 4 dəfə məhkəməyə müraciət edilib. Bundan əvvəl verilmiş vəsatətləri Nəsimi Rayon Məhkəməsi geri çevirib. Vəkillərin verdiyi məlumata görə, məhkəmə hesab edib ki, Ə.Muxtarlı ev dustaqlığına buraxılarsa, istintaqın gedişinə təsir göstərə bilər.
Ə.Muxtarlının istintaqı başa çatsa da, məhkəmə vəkillərin dördüncü vəsatətinə də “yox” deyib. Qərarı hakim Babək Pənahovun sədrlik etdiyi məhkəmə kollegiyası çıxarıb.
Jurnalistin müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildiriblər.
Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev də, məhkəmənin artıq 3-cü dəfədir ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatəti rədd etdiyini bildirib.
Vəkil bildirib ki, hər dəfə məhkəmə G.Bayramlının istintaqa təsir göstərə biləcəyi əsası ilə vəsatəti rədd edir. Vəkillər bu dəfə istintaqın artıq, başa çatması səbəbi ilə vəsatət veriblər.
Ancaq hakim Babək Pənahovun sədrlik etfiyi məhkəmə kollegiyası vəsatəti yenə rədd edib.
Əsabəli Mustafayev məhkəmə qərarı ilə razılaşmadıqlarını, apellyasiya şikayəti veriləcəyini bildirib.