Konqresin mətbuat xidməti RT-ni akkreditasiyadan məhrum edir

Konqresin mətbuat xidməti RT-ni akkreditasiyadan məhrum edir
30 Noyabr 2017
Mətni dəyiş

ABŞ Konqresinə media təşkilatlarının girişinə nəzarət edən qurum Rusiyanın dövlət telekanalı RT-ni mətbuat akkreditasiyasından məhrum edib.

Konqresin Radio və Televizya Müxbirləri Qalereyasının İcraiyyə Komitəsinin (Executive Committee of the Congressional Radio & Television Correspondents’ Gallery) bu qərarından cəmi bir neçə həftə əvvəl Rusiyanın bu telekanalı ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında və Xarici Agentlərin Qeydiyyatı qanununa müvafiq şəkildə qeydiyyatdan keçmişdi.

Komitə noyabrın 29-da RT-nin ABŞ-dakı əməliyyat vahidi olan T&R Productions şirkətinə göndərdiyi məktubda yazır ki, bu qurum xarici agent qanununa müvafiq olaraq qeydiyyatdan keçdikdən sonra onun Konqresə giriş akkreditasiyası etibarsız sayılır. Komitə bildirir ki, bu barədə qərarı noyabrın 21-də yekdilliklə qəbul edib.

Radio və Televizya Müxbirləri Qalareyası yayın mediası ilə ABŞ Konqresinin təmas məkanıdır və bu məkana müxbirlərin icraiyyə komitəsi nəzarət edir. Bura hansı medialara giriş verilməsi məsələsini də bu komitə müəyyənləşdirir.

Noyabrın 13-də köhnə adı Russia Today olan RT özünün T&R Productions şirkətinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün ərizə vermişdi.

Buna cavab olaraq ötən həftə Vladimir Putin, Moskvanın “ABŞ-ın oradakı Rusiya mediasına göstərdiyi təzyiqlərə simmetrik cavab” adlandırdığı qanunvericilik aktını imzalayıb.

Bu qanun Rusiya hökumətinə xaricdən maliyyələşən media qurumlarının “xarici agent” kimi qeydiyyatdan keçirilməsi və onların üzərinə sanksiyalar qoyulması imkanı verir.

Rusiyanın Ədliyyə Nazirliyi qarşıdan gələn günlərdə “xarici agent” hesab etdiyi media qurumlarının siyahısını açıqlamalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun