Kılıçdaroğlu Ərdoğan ailəsini pulları ofşor hesablarda gizlətməkdə ittiham edir

Kılıçdaroğlu Ərdoğan ailəsini pulları ofşor hesablarda gizlətməkdə ittiham edir
29 Noyabr 2017
Mətni dəyiş

Türkiyənin aparıcı müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bağlı ofşor bank hesablarında milyonlarla dolların gizlədildiyini iddia edib.

Cumhuriyyət Xalq Partiyasının lideri Kılıçdaroğlu parlamentdə ofşor hesabları ilə bağlı çıxışına başlayan zaman dövlət televiziyasında canlı yayım dayandırılıb. Buna baxmayaraq, kiçik televiziya kanallarında yayım davam edib.

Kılıçdaroğlu 15 milyon dollar məbləğində ofşor bank pul köçürmələrini qeyd edib. O bu pul köçürmələrinin Ərdoğanın yaxın çevrəsi və onun oğlu və qardaşı da daxil olmaqla, ailəsi tərəfindən edildiyini iddia edib. Bütün bu transferlər iddiaya əsasən İrlandiya dənizindəki Men adasındakı ofşor banka köçürülüb.

“Bizdə bu şirkətin bütün qeydləri var. Bizdə maliyyə transaksiyalarının sənədləri də var…Bizdə bank qəbzləri də var”, Kılıçdaroğlu bildirib.

Kılıçdaroğlunun müavinləri prezidentin istefasına çağırıb.

Müxalifət liderinin çıxışı Ərdoğanın əgər onun ailə üzvlərinin ofşor banka bir sent belə pul köçürdüyü sübut olsa, istefa verə biləcəyi ilə bağlı dediklərinə cavab olaraq edilib. Ərdoğanın iqtidarda olan Ədalət və İnkişaf partiyasının yüksək səviyyəli nümayəndələri Kılıçdaroğlunun çıxışını pisləyərək, bunu saxta xəbər və yalan adlandırıb.

Ərdoğan parlament qarşısında çərşənbə axşamı çıxışında Kılıçdaroğlunun partiyasını “xəyanət partiyası” adlandırıb və müxalifət liderinə bunun nəticələri ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu hadisələr Nyu Yorkda ABŞ-ın İrana qarşı sanksiyalarını ötərək, İrandan pulları Birləşmiş Ştatların maliyyə sistemindən keçirməkdə ittiham edilən Türkiyə bankının rəhbər müavininin məhkəməsinin başladığı vaxta təsadüf edir.

ABŞ prokurorları həmçinin Türkiyənin Ərdoğana yaxın keçmiş nazirinə qarşı iddia qaldırıb. İşdə əsas müttəhim olan İran əsilli türkiyəli qızıl taciri Reza Zərrab özünü təqsirli bilib və ifadə verməyə razılaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun