İspaniya Ali Məhkəməsinin hakimi Kataloniya parlamentinin spikeri Carme Forcadell barəsində həbs qətimkan tədbiri seçib.
Bununla belə C.Forcadell-ə 150 min avro girov ödəyəcəyi təqdirdə azadlığa çıxmaq hüququ verilib.
Kataloniya parlamenti rəyasət heyətinin digər üzvləri Luis Corominas, Luis Quino, Anna Simo, Ramona Barrufet barəsində hələlik həbs qərarı verilməyib, buna görə onlar həftə ərzində 25 min avro məbləğində girov ödəməlidirlər. Koalisiya nümayəndəsi Joan Josep Nuet isə girov ödəmədən azadlıqda qala bilər.
Carme Forcadell və digər 4 deputat girov ödədikləri təqdirdə hər həftə məhkəmə qarşısına çıxmalı və İspaniyanın hüdudlarından kənara çıxmamalıdırlar, onların pasportları məhkəmə tərəfindən götürüləcək.
Prokurorluq Carme Forcadell və rəyasət heyətin 3 üzvü barəsində həbs qətimkan tədbirinin seçilməsini və 6 siyasətçinin 6,2 mln. avro girov ödənilməsini tələb etmişdi.
Ötən gün İspaniyanın Ali Məhkəməsində Carme Forcadell, Luis Corominas və Luis Quino Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsini dəstəklədiklərini bəyan ediblər. Onlar Kataloniyanın müstəqil elan edilməsini “istisna olaraq simvolik” adlandırıblar.
Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 48 ilədək həbs cəzası nəzərdə tutulur.