''Mitinqin keçirilməsinə imtina məktubu ifadə azadlığı və sərbəst toplaşma azadlığına kobud müdaxilədir''
Praktik Hüquqşünaslar Qrupu 18 noyabr mitiniqinin keçirilməsinə icazə verməyən Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək.
Bu barədə qrupun yaydığı bəyanatda məlumat verilir. Bildirilir ki, onlara göndərilmiş imtina məktubu ifadə azadlığı və sərbəst toplaşma azadlığına kobud müdaxilədir.
Bəyanatda qeyd olunur ki, nümayəndəlik institutunu iflic edən və məhkəmələrdə hüquqi nümayəndəlik fəaliyyətini Vəkillər Kollegiyasının müstəsna inhisarına verən son qanun dəyişiklikləri ilə bağlı 18 Noyabr 2017-ci il tarixinə mitinq təyin edilmişdi.
Mitinqlə bağlı 6 Noyabrda Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilib. Müraciətdə mitinqin vaxtı, yeri (Məhsul Stadionu), gözlənilə bilən iştirakçı sayı (500-5000) göstərilib. BŞİH 15 Noyabr tarixli məktubla cavab verib.
"Məktubun mətnindən belə bəlli olur ki, icra hakimiyyəti nəinki mitinqin keçirilməsilə razılaşmır, ümumiyyətlə, səlahiyyətlərini aşaraq, həmin qanun layihələrinə hər hansı mövqe bildirilməsini belə məqəsədəuyğun hesab etmir. Cavabda ilk əsas kimi belə qeyd edilib ki, artıq qanun layihələri artıq qəbul edilib və Prezident imzalayıb, həmin qanun layihələrinə hər hansı mövqe bildirmək məqsədəuyğun hesab olunmur. İkinci əsas kimi, əslində isə "bəhanə" kimi gözlənilən-təxmini iştirakçı sayı barədə rəqəm irad edilib. İcra hakimiyyətinin fikrincə, müraciətdə göstərdiyimiz 500-5000 rəqəmi guya qeyri-müəyyəndir və buna görə təhlükəsizliyi təmin etməyə imkan vermir” – bəyanatda deyilir.
Qrup cavabla bağlı bildirir ki, ilk növbədə dinc toplantıya icazə verilməməsinə hər hansı əsaslar olmadığı halda, icra hakimiyyəti bu ifadə azadlığı formasına razılıq verməyərək onu məhdudlaşdırıb:
"İcra hakimiyyəti nəinki ifadə azadlığına və sərbəst toplaşma hüquququmuza heç bir qanuni əsas olmadan müdaxilə edib, bununla kifayətlənməyərək, ümumiyyətlə, qanun layihəsinə hər hansı mövqe bildirilməsini məqsədəuyğun saymayıb. Hesab edirik ki, imtina cavabının məzmun-mahiyyətini elə bu ifadə açıqlayır”.
"Mitinqin keçirilməsinə gəldikdə isə 18 noyabr mitinqi qeyd edilən əsaslara görə keçirilmir. Lakin Qrup mitinq mövzusunun gündəliyindən çıxarmır və növbəti günlərdə bu məsələ ilə bağlı müzakirələrini davam etdirərək bu barədə növbəti addımlarını və qərarını ictimaiyyətə açıqlayacaq.
Qrup qanun dəyişiklikləri ilə bağlı müxtəlif formada (müsahibələr, alternativ təkliflər, tənqidi materiallar, sosial media fəaliyyəti) öz tənqidi işini aparır və mitinq keçirilməsindən asılı olmayaraq bu barədə fəaliyyətini davam etdirməkdə israrlıdı”- bəyanatda vurğulanır.
Dəyişiklik layihələri Milli Məclisə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən daxil olub. Layihə oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərmişdi.
Təklif cəmiyyətdə əsasən narazılıqla qarşılanıb və bildirilib ki, nümayəndəlik institutunun ləğv edilməsi vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərə yol açacaq. Qeyd edilib ki, ölkədə vəkillərin sayı 1000 nəfərə çatmadığından, nümayəndəlik institutu olmadan vətəndaşların məhkəmələrdəki işlərində böyük çatışmazlıqlar yaranacaq.
Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.
Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.
Azərbaycanda Vəkillər Kollegiyasının təqribən 900-dən bir qədər çox üzvü var.