Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax Rayon Məhkəməsində baxılacaq.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Vəkilin sözlərinə görə, G.Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürüləcək. Məhkəmənin vaxtı gələn həftə təyin ediləcək.
Xatırlatma
Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət iki dəfə uzadılıb.
Gözəl Bayramlı həbsinin siyasi sifariş olduğunu, pulların ona aid olmadığını, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.
G.Bayramlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.