“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik”.
Bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır: “Sözügedən məsələ ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri ilə XİN-də görüş keçirilib. Azərbaycan Respublikasının Fransadakı səfirliyinin isə bu gün Fransa XİN-də görüşü nəzərdə tutulub. Təəssüflə qeyd edirik ki, Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Bako Saakyanın Avropa İttifaqının ərazisinə daxil olması Şenqen viza qaydalarının ciddi pozulması ilə müşayiət olunmasına və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.
2 iyul 2015-ci ildə Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərilib. Həmin təlimatda yerli özünü idarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir və mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur.
Fransa tərəfinin bu təlimatdan çıxış edərək Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə qanunsuz sənədlər imzalayan yerli orqanlara münasibətdə zəruri addımlar atacağını gözləyirik.
Son dövrlərdə Avropa İttifaqı üzv ölkələrinin də üzləşdiyi problemləri nəzərə alaraq, təhlükəli separatizm meyllərinin qarşısının alınması və dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə əlaqədar vahid və birmənalı siyasətin yürüdülməsi mütləq şəkildə zəruridir”.