Böyük Britaniya və Avropa İttifaqı (Aİ) "Brexit" çərçivəsində Londonun Brüssel qarşısındakı maliyyə öhdəliklərinin həcmi üzrə razılığa gəliblər.
""İnterfaks" xəbər verir ki, öhdəliklərin həcmi 60 milyard avroda razılaşdırılıb.
Bu nəticə təxmini hesablamalarla əldə olunub, yekun kompensasiya tərəflərin maliyyə öhdəlikləri üzrə necə hesablaşacağından asılı olacaq. Yerli KİV Londonun Brüsselə 45-55 milyard avro ödəyə biləcəyini də yazır.
Avropa Komissiyasının hesablamalarına görə, Böyük Britaniya Aİ-nin tərkibində olarkən üzərinə 2014-2020-ci illər üzrə Avropa proqramlarının maliyyələşdirilməsində iştirak etmək öhdəliyi götürdüyündən vəsaiti 2020-ci ilə qədər ödəməlidir.
Böyük Britaniyanın Aİ qarşısındakı maliyyə öhdəlikləri təşkilatın cavab almayacağı təqdirdə "Brexit" üzrə danışıqların ikinci mərhələsinə keçməkdən imtina etdiyi əsas məsələlərdən biridir. Bundan əlavə, Brüssel Londonun "Brexit" prosesindən sonra hər iki tərəfdə vətəndaşların hüquqları və Şimali İrlandiya ilə Aİ üzvü İrlandiya arasında sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlərə aydınlıq gətirməsini tələb edir.
Böyük Britaniyanın Baş naziri Tereza Mey dekbarın 4-də Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə görüşməyi planlaşdırır. Rəsmi Brüssel bu tarixi Londonun "Brexit" üzrə mübahisəli məsələrlə bağlı mövqeyini aydınlaşdırmaq üçün son müddət kimi qələmə verir. Danışıqların son mərhələsinə keçid haqqında rəsmi qərarın Aİ-nin dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitində qəbul ediləcəyi gözlənilir.