Bitkoinin növbəti "hardfork"undan (bölünməsindən) sonra yaranan "Bitcoin Gold"un (BTG) qiyməti tədavülə başladığı 24 oktyabrdan sonrakı bir həftə ərzində 5,5 dəfə ucuzlaşaraq 87 dollara düşüb.
"Investing.ru" saytının məlumatına görə, ucuzlaşmaya səbəb "Twitter" sosial şəbəkəsində yayılan BTG-yə genişmiqyaslı "DDOS" hücumu barədə xəbər olub.
BTG-lər bitkoin kriptovalyutasının bölünməsindən yaranıb və ona yalnız bölünmə zamanı əlində "Bitcoin" olanlar sahib olublar. Analitiklər bildirirlər ki, ucuzlaşmaya digər bir səbəb də BTG sahiblərinin onları qısa zamanda satıb gəlir əldə etmək istəməsi amili olub. Belə ki, BTG-nin ilkin qiyməti 480 dollar olub. Xatırladaq ki, bölünmədən sonra yaranan BTG-lərin sayı 491 407 ədəddir.