Nədənsə son vaxtlar Zabili tez-tez xatırlayıram.
Səbəbini bilmirəm, amma hər söhbət düşəndə bir ucunu Zabilə bağlamaq sanki öhdəliyə çevrilib.
Bu gün o dəlisov, çılğın, mərd, sözü üzə deyən, amma bir o qədər də kövrək adamın 40 yaşı tamam olur.
Zabil haqqında qısaca onu demək olar ki, o, doyunca və ürəyincə yaşaya bilmədi...
Dünyada öz faciəsini dərk etmədən yaşayan çox adam var, hətta saysız-hesabsız.
Zabil isə öz faciəsini dərk edib yaşayan adam idi. Ona görə də faciəsini dərk edən adamlar haqqında "niyə tez öldü" fikrini səsləndirmək də absurddur.
Zabilin çox yaşamayacağını hələ bir neçə il öncə hiss etmişdim: Müsavatın qurultayından çıxıb çay içməyə getdik. Həmin gün mənə çox şey danışdı...
Arada onu danlayırdım, amma o söhbətlər yadıma düşəndə hiss edirdim ki, Zabil kimi adamlar çox yaşaya bilməz...
Tez-tez "Nəsimi" filmindəki bir epizodu xatırladır və yarızarafat, yarıciddi deyirdi: filan qədər filankəsin, filan qədər filankəsin zindanında (qəzetində) işlədim, o illəri ayrıca hesabla, yaşımın üstünə gəl, gör neçə il edir...
Öz faciəsini son yazısında - "Son zəng"də ürək ağrısı ilə təsvir edirdi:
"Mən 11-ci sinifi 5-6 məktəbdə oxumuşam. Bir dəfə "Gənclik” metrosunda bir sinif yoldaşımla rastlaşdım, beş dəqiqədən sonra başqa bir sinif yoldaşım yaxınlaşdı. Amma onlar bir-birini tanımırdı. Bu mənim istəyimdən hansısa məktəbi dəyişməyimin nəticəsi yox, bir insan faciəsinin hələ də çoxlarının anlaya bilmədiyi, onların həyat tərzinə heç bir aidiyyəti olmayan bir mənzərəsi idi..."
Zabil Zəngilanı da, oxuduğu məktəbi də belə tərk etmişdi və bir ömür də bu ağrı ilə yaşadı, bu ağrıdan içdi, bu ağrı ilə də öldü:
"1993-cü ildə kəndimizin məktəbinin 11-ciləri - bizlər, yəni mənim oxuduğum sinif olmalıydı. Məktəbdə hərbi qərargah yerləşirdi və son anadək mən orda oldum. Erməni tankları həmin əraziyə girməyə az qalmış çıxdıq və mən ikinci mərtəbəyə qalxıb, pilləkənin sol tərəfindəki, çoxdandı çalınmayan zəngi basıb, elə də qoyaraq binadan çıxdım. Hələ o zaman dünyanı o qədər də dərk eləmədiyim zamanda bilirdim ki, bu mənimçün son zəngdir. Amma o zaman hələ bu, əcəl zəngi deyilmiş…"
Məncə, bu yazı Zabilin ölümündən az öncə özü haqqında yazdığı nekroloq idi, əksəriyyəti rabitəsiz şeirləri də Zəngilansızlığa, bu yaşantılara və özünə epitafiya...
Unutmadıq.
Doğum günün qutlu olsun, dost!
Şəmşad Ağa
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.