Bu gün Brüsseldə Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramı üzrə beşinci sammit öz işinə başlayır.
Sammitdə iştirak etmək üçün Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, və Ukrayna prezidentləri, o cümlədən, bu ölkələrin xarici işlər nazirləri Belçika paytaxtına gəlib.
Belorus prezidenti Aleksandr Lukashenko sammitdə istirakdan imtina edərək, yerinə xarici işlər nazirini göndərib.
Noyabrın 23-dən Brüsseldə olan və NATO-da yüksək səviyyədə görüşlər keçirən Azərbaycan prezidenti İlham Əliyevin də sammitə qatılacağı gözlənir.
Sammit ərəfəsində 37 beynəlxalq hüquq müdafiə təşkilatı Avropa İttifaqı rəhbərliyinə məktub yazaraq Azərbaycanda insan haqlarının pozulduğunu bildiriblər.
Onlar Avropa İttifaqı rəhbərlərini Azərbaycanda insan hüquq və azadlıqlarının "acınacaqlı vəziyyətinə, ölkədə geniş yayılmış korrupsiyaya" diqqət yetirməyə çağırıblar.
Rəsmi Bakı insan haqlarının pozulması və yüksək səviyyəli korrupsiya hallarının mövcudluğu ilə bağlı iddiaları rədd edir.
Şəqr Tərəfdaşlığı Proqramı Ukrayna, Belorus, Gürcüstan, Moldava, Azərbaycan və Ermənistanı əhatə edir.
Proqramın əsas məqsədi Avropa İttifaqı və MDB sərhədlərində stabilliyin qorunması və avroməkana inteqrasiyadır.
Ukrayna və Gürcüstan proqram çərçivəsində artıq Assosiasiya sazişini imzalayaraq əməkdaşlıqda bir addım irəli gediblər. Artıq Ukrayna və Gürcüstanla Avropa Birliyi arasında viza rejimi ləğv edilib.
Ancaq Azərbaycan və Ermənistan bu sazişi imzalamaqdan imtina edib.
Ermənistan imtinadan sonra Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya Birliyinə daxil olub.
Azərbaycan isə Avropa İttifaqı ilə ikili əməkdaşlığa üstünlük verdiyini bəyan edib və bu ilin əvvəllərindən yeni müqavilənin imzalanması istiqamətində qurumla danışıqlar aparır.