Son iki gündə əsən güclü külək Azərbaycanın cənub bölgəsini işıqsız qoyub, bəzi yerlərdə elektrik bərpa olunsa da, hələ fəsadlar tam aradan qaldırılmayıb.
Sakinlər onlara ciddi zərər dəydiyini bildirir.
Yerli rəsmilər isə fəsadların aradan qaldırılmasına çalışdıqlarını deyirlər.
"60 yaşım var, hələ omrümdə belə güclü külək görməmişdim", Astaranın Ərcivan kənd sakini Vaqif Əhmədoğlu BBC Azərbaycancaya danışır.
O deyir ki, külək həyətində meyvə ağaclarını qırıb, yaşadığı evin damın örtüyünü zədələyib:
"Qardaşımın həyətində tövləni uçurub. Kənd camaatının nəyi var? Mal-qarası, toyuq-cücəsi, mer-meyvəsi. Ona da zərər dəyəndən sonra kəndli nəylə dolanacaq?"
Vaqif Əhmədoğlu ona dəyən zərərlə bağlı yerli icra nümayəndəsinə müraciət edib, ümidi var ki, yerli hökumət onun zərərini qarşılayacaq.
"Məcbur qaldıq ki, elektriki kəsək"
Astaranın mərkəzində elektrik enerjisi bərpa olunub, yalnız dağ kəndləri hələ də işıqsızdır. Bunu BBC Azərbaycancaya Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov deyib.
Onun sözlərinə görə, oktyabrın 30-da başlayan küclü külək elektrik dirəklərini aşırmış, elektrik xətlərini qırmışdı.
"Rayon elektrik şəbəkəsi hər hansı fəsad olmasın deyə elektrik enerjisinin verilməsini dayandırmağa məcbur qalmışdı".
Allahverən Mahmudov deyir ki, hazırda işçi qrup işıqsız qalan dağ kəndlərində elektrik enerjisini bərpa etmək üçün ora gedir.
Güclü küləyin yıxdığı ağaclar iki Astara sakininə ağır xəsarət yetirib, Azərtac məlumat yayıb.
Allahverən Mahmudov deyir ki, onlardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
"Zərər dəyməsi ilə bağlı müraciət edən sakinlər var"
Lerikdə isə güclü külək nəticəsində işıqsız qalan 100-ə yaxın yaşayış məntəqəsinin yalnız bəzisində elektrik enerjisi bərpa olunub.
"Elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib". Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, çox yerdə elektrik xətləri, elektrik dirəkləri qırılıb, xəsarət alan yoxdur.
"Amma bir neçə sakin onlara zərər dəyməsi ilə bağlı bizə müraciət edib, deyiblər ki, külək evlərinin dam örtüyünü zədələyib", o əlavə edib.