Ankarada LGBTİ tədbirlərinin keçirilməsinə qadağa qoyulub

Ankarada LGBTİ tədbirlərinin keçirilməsinə qadağa qoyulub
20 Noyabr 2017
Mətni dəyiş

Türkiyə paytaxtı Ankarada təhlükəsizlik səbəbləri əsas gətirilərək, LGBTİ xəttilə keçirilən bütün tədbirlərə - festival, film nümayişləri, forum, sərgi və bu kimi digər tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Bazar günü Ankara valisinin idarəsi bu qərarı paytaxtda ictimai asayişi və təhlükəsizliyi qorumaq istəyilə əsaslandırıb.

Bu qərar ötən həftə Türkiyədə almandilli gey film festivalının qadağan olunmasından sonraya təsadüf edib.

Həmin festival da Ankarada keçirilməli idi.

Homoseksuallıq Türkiyədə qanunla qadağan olunmayıb, lakin LGBTİ fəalları ölkədə homofobiyanın geniş yayıldığını bildirir.

"18 noyabrdan başlayaraq növbəti elanadək bütün kino və teatr tədbirləri, film nümayişləri, müzakirə panelləri, kollokviumlar, sərgilər və buna bənzər digər tədbirlər.... qadağan olunur", - Ankara valiliyinin vebsaytında bildirilib.

Bəyanatda deyilir ki, bu cür tədbirlərin keçirilməsi "cəmiyyətin müəyyən qruplarına qarşı qıcıq hissi yarada bilər", həmin tədbirlər və tədbir iştirakçıları "terrorçuların hədəfinə çevrilə bilər".

A woman takes part in Turkey's Gay Pride parade with the word 'Pride' painted on her body (file picture)
Rəsmilər deyir ki, LGBTİ tədbirləri "terrorçuların hədəfinə çevrilə bilər".

Ankara valiliyinin bu qərarı gey fəalları arasında onların haqlarının Erdoğan höküməti tərəfindən məhdudlaşdırıldığı hissini gücləndirə bilər.

LGBTİ fəalları təhqir, hədə və zorlama kimi müxtəlif növ təqiblərə məruz qaldıqlarını bildirir.

İstanbulda 3 il ardıcıl olaraq gey paradlarının keçirilməsinə qadağa qoyulur.

Ötən həftə Ankara valisi Mehmet Kılıclar almandilli film festivalının qadağan olunması ilə bağlı bəyanatında bu qərarı festivalın "cəmiyyətdə narazılıq və düşmənçilik hissləri oyada biləcəyi" ilə əsaslandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun