Almaniyada koalisiya hökumətinin formalaşdırılması danışıqları liberal Azad Demokratik Partiya (ADP) ayrıldıqdan sonra dağılıb.
ADP lideri Christian Lindner bildirib ki, Kansler Angela Merkel-in mühafizəkar Demokratik Xristian Birliyi/Sosial Xristian Birliyi bloku və Yaşıllar-a "etimadın əsası" yoxdur.
Bundan sonra nə olacağı, hələlik məlum deyil, amma xanım Merkel növbədənkənar seçkilər elan etmək hüququ olan prezident Frank-Walter Steinmeier ilə görüşəcək.
Onun bloku sentyabrda seçkiləri qazanıb, lakin bir çox seçicilər əsas partiyaları tərk edib.
İlk dəfə parlament yerləri qazandıqdan sonra sağ millətçi Almaniya üçün Alternativ partiyası ölkəyə "əcnəbilərin müdaxiləsi" ilə mübarizə vəd edib.
Xanım Merkel danışıqların dayandırılmasından təəssüfləndiyini və bazar ertəsi Almaniya prezidenti ilə görüşəcəyini bildirib.
Erkən seçkilərdən başqa xanım Merkel Yaşıllar partiyası ilə azlıq hökuməti formalaşdıra bilər. Yaşıllar partiyası hələ ki, şərh verməyib.
Almaniyanın gündəlik Frankfurter Allgemeine Zeitung qəzeti baş verənləri xanım Merkel-in 12 ilik hakimiyyəti boyunca "ən pis böhran" adlandırıb.
Danışıqlarda iştirak edən tərəflər vergi, sığınacaq və ekoloji siyasət kimi mövzularda dərin fikir ayrılıqlarına sahibdirlər.
Ən acı arqumentlər suriyalı qaçqınların ailələrini də gətirmək imkanına sahib olub-olmamaqları ilə bağlıdır, BBC-nin əməkdaşı Jenny Hill deyir.
Parlamentdə ikinci böyük partiya olan Sosial Demokratlar, xanım Merkel-in koalisiya hökumətinə qayıtmağı istisna edib.