Avropa İttifaqının (Aİ) Terrorla Mübarizə koordinatoru Gilles de Kerchove Reuters agentliyinə bildirib ki, Aİ Fethullah Gülenin FETÖ hərəkatının terror təşkilatı olduğu fikrini paylaşmır.
Kerchove deyib ki, Aİ-nın bu məsələyə dair baxışının dəyişməsi üçün Türkiyə konkret sübutlar təqdim etməlidir.
"Mən FETÖ hərəkatını terrorçu təşkilat saymıram .... və düşünmürəm ki, yaxın gələcəkdə Aİ bu məsələyə dair mövqeyini dəyişsin", - Aİ rəsmisi bildirib.
"Ekstradisiyaya dair qərar üzv ölkələrə tərəfindən qəbul edilir və çox vaxt müstəqil ədliyyə qəti sübutlar tələb edir", - Kerchove deyib.
Onun sözlərinə görə, bəzi Aİ ölkələri Türkiyədə dövlət çevrilişində əli olduqları iddia olunan şəxslərin Ankaraya verilməsində həvəssizdir.
"Bizə çevriliş cəhdi ilə kiminsə əlaqəsinin olmasına dair konkret materiallar, sübut lazımdır, daha telefon tətbiqinin yüklənməsi yox," - Kerchove deyib.
Reuters yazır ki, 2016-cı ilin 15 iyul çevriliş cəhdinə görə Fethullah Güleni ittiham edən Türkiyə höküməti Aİ və ABŞ-ın bu məsələdə Türkiyəyə kifayət qədər dəstək göstərmədiyindən şikayətlənib.
Reuters xatırladıb kı, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Gülən hərəkatı ilə bağlılıqda ittiham olunan 50 minə yaxın adam həbs olunub, 150 min adam isə işdən çıxarılıb.
Reuters-in yazdığına görə, həbs olunanların bir qismi smartfonlarına ByLock mesajlaşma tətbiqini yüklədiklərinə görə həbs olunublar.