ABŞ-ın dövlət katibi Rex Tillerson, onun təbirincə deyilərsə, xüsusilə də Rusiyanın “təcavüzkar davranışının” davam etdiyi bir vaxtda Vaşinqtonun Avropanın təhlükəsizliyinə sadiq qaldığını vurğulayıb.
Noyabrın 28-da Vaşinqtonun analitik mərkəzlərindıən birində etdiyi çıxışda Tillerson deyib ki, Avropa müttəfiqlərindən hər hansı birinin üzərinə hücum baş verdiyi təqdirdə NATO-nun müştərək müdafiəyə dair 5-ci maddəsinə uyğun olaraq reaksiya verən birinci ölkə Birləşmiş Ştatlar olacaq.
Bəzi Avropa liderləri ABŞ prezidenti Donald Trump-ın ABŞ-ı NATO ilə alyansdan geri çəkə biləcəyinə dair bəyanatlarından narahatdırlar. Trump müttəfiqləri öz müdafiələrinə daha çox pul xərcləməyə çağırmışdı.
Wilson Mərkəzində çıxış edən Tillerson Rusiyanı Vaşinqton və Avropa müttəfiqləri arasına “ixtilaf salmaq” cəhdlərində ittiham edib.
Tillerson deyib ki, Rusiyanın Gürcüstan və Ukraynaya hərbi müdaxilələri, habelə Avropa seçkilərinə və siyasətlərinə qarışmaq cəhdləri “qəbuledilməzdir” və “beynəlxalq icma üzvü olan ölkəyə yaraşmayan hərəkətdir”.
ABŞ dövlət katibi daha sonra deyib: “Qərb postsovet Rusiyası ilə daha məhsuldar yeni münasibətlərə çalışdığı bir vaxtda, Rusiya özünün sürüşkən olduğunu isbat edir”.
Daha yaxşı koordinasiyaya ehtiyac var
Tillerson deyib ki, Rusiyanın Belarusla birlikdə ötən sentyabrda keçirdiyi Zapad 2017 hərbi oyunları Vaşinqton və onun Avropa tərəfdaşları arasında daha yaxşı koordinasiyaya ehtiyac olduğunu göstərib.
ABŞ-ın Avropa təhlükəsizliyinə sadiqliyini vurğulamaq istəyən Tillerson deyib ki, Vaşinqton 2001-ci ilin 11 sentyabr terror hücumları zamanı NATO-nun “bizimlə birlikdə” necə möhkəm dayandığını unutmayıb.
Eyni zamanda Tillerson qeyd edib ki, Avropa partnyorları öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət altına girməlidirlər.
Tillerson Vaşinqtonun habelə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini təkrar bəyan edib və Rusiyanı Ukraynanın şərqindəki münaqişənin başa çatdırılması üçün imzalanmış Minsk razılaşmalarına əməl etməyə çağırıb.
O deyib ki, Ukrayna ikitərəfli münasibətlərdə başlıca faktordur.
Tillerson bəyan edib: “Bizim ruslara dediyimiz budur ki, Ukrayna məsələsi həll olunmamış bizim aramızdakı münasibətlər normal halına qayıtmayacaq. Bu məsələ aramızda daimi bir əngəl kimi qalır və biz bu onu həll etməliyik”.
Tillerson bildirib ki, Rusiya “onu bu vəziyyətə salmış hərəkətlərini” dəyişməyincə ona qarşı ABŞ sanksiyaları qüvvədə qalacaq.
Enerji təhlükəsizliyi
Dövlət katibi deyib ki, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi həlledici məsələdir, çünki Rusiya enerjidən “silah” kimi istifadə edir.
Tillerson deyib ki, Vaşinqton LNG kimi tanınan maye təbii qazın və xam neftin Avropaya nəqlinin asanlaşdırılması üzərində işləyir.
O habelə Yunanıstan, Polşa və Xorvatiyanın enerji infrastrukturları üçün layihələrinin enerji təhlükəsizliyinə nail olmaq cəhdlərinin bir hissəsi olduğunu deyib.
Tillerson bununla yanaşı deyib ki, Rusiyanın Şimal Axını-2 layihəsinə uyğun olaraq təbii qazın Baltik dənizinin dibi ilə Almaniyaya nəql edilməsi “qeyri-müdrikdir”.
Tillerson bunu da deyib ki, Rusiya ilə əməkdaşlıq sahələri mövcuddur: “Rusiya Mərkəzi Asiya regionundan miqrasiyadan və Rusiyanın öz daxilindəki terrordan narahatdır. Biz düşünürük ki, antiterror sahəsində Rusiya ilə daha böyük əməkdaşlıq üçün sahələr var. Əfqanıstanda əməkdaşlıq üçün imkanlar mövcuddur. Doğrudur biz bu məqama hələ gəlib çıxmamışıq, amma bu barədə söhbətlər aparırıq”.
ABŞ dövlət katibi daha sonra deyib ki, Balkanlar “kövrək” region olaraq qalır və oradakı ölkələr sülhün daimi faktora çevrilməsi üçün “aralarındakı düşmənçiliyə” son qoymalıdırlar.