2018-ci ilin büdcəsi: Hökumət gələn il daha çox xərcləyəcək

2018-ci ilin büdcəsi: Hökumət gələn il daha çox xərcləyəcək
21 Noyabr 2017
Mətni dəyiş

Noyabrın 21-də Milli Məclis gələn ilin büdcə layihəsinin müzakirəsinə başlayıb.

2018-ci ilin büdcəsində 1 barrel neftin qiyməti 45 dollardan götürülüb.

Büdcə gəlirləri təxminən 20 milyard manat, xərcləri isə 20 milyard manatdan çox hesablanıb.

Maliyyə Nazirlyi bildirir ki, gələn ilin dövlət büdcəsinin 778,7 milyon manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

Nazirlik investisiya xərclərini bu illə müqayisədə təxminən 2 milyard manat artırmağı planlaşdırır.

Maliyyə naziri Samir Şərifov deyib ki, növbəti il Dövlət Neft Fondundan büdcəyə 9,216 milyard manat həcmində transfer nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm təxminən 6 milyard manat olub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcə müzakirələri zamanı bildirib ki, neftin 1 barelin 45 dollardan götürülməsi bir sıra mühüm layihələri həyata keçirməyə imkan yaradacaq.

Ziyad Səmədzadə deyib ki, son 10 ildə Neft Fondundan büdcəyə 76 milyard dollar transfer edilib.

"Bu, böyük rəqəmdir. Bu transfer olmasaydı, Azərbaycan risklərlə üzləşə bilərdi. Biz hamımız bilirik ki, qloballaşan dünyada Azərbaycan balaca ölkədir və nə qədər təzyiqlər var".

parlament
Parlament spikeri Oqtay Əsədov deyib ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 50 faizə çatıb.

Parlament spikeri Oqtay Əsədov deyib ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 50 faizə çatıb və bu, qeyri-neft sektorunun inkişafının göstəricisidir. O, gələn ilki büdcənin də "sosial yönümlü" olduğunu vurğulayıb.

Maliyyə naziri Samir Şərif deyib ki, gələn ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, aqrar sahəsinin inkişafı, məşğulluğun artırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclər prioritetdir.

Gəlirlər

Dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 milyon manat daxil olması proqnozlaşdırılır. 2017-ci illə müqayisədə bu, cəmi 28 milyon manat artacaq.

Gələn il gömrük rüsumlarından 535 milyon manat toplanması gözlənir. Bu il gözlənti 454 milyon manat idi.

Sadələşdirilmiş vergidən bu dəfə bu ilkindən 36 milyon artıq, 380 milyon toplanması planlaşdırılır.

Xərclər

Maliyyə Nazirliyi ümumi dövlət xidmətlərinə xərcləri 740 milyon artıraraq 3 milyard 620 milyon manata çatdırıb. O cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanması xərcləri də təxminən 96 milyon artırılıb.

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər də 2 milyard 262 milyon manat hesablanıb. Bu il üçün xərclər 1 milyard 641 milyon nəzərdə tutulmuşdu.

Maliyyə nazirliyi müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına xərclərini də bu il müqayisədə bin neçə milyon manat artırıb. Əvəzində səhiyyə xərcləri bu illə müqayisədə 2,5 faiz azalıb.

Təhsil və sosial müdafiə xərclərində artım nəzərdə tutulub.

Gələn il sənaye, tikinti və faydalı qazıntılar sahəsinə ayrılan vəsait 60 faiz artılaraq 5 milyard manata çatdırılıb. Bu, 2017-ci ilin büdcəsindən təxminən 2 milyard manat çoxdur.

Maliyyə Nazirlyinin açıqlamasına görə, bu ilin büdcəsi 16 milyard, xərcləri isə 16 milyard manatdan artıq idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun