“Mən Azərbaycanda qalsaydım, Olimpiya çempionu olmayacaqdım. Bu, dəqiqdir. Çünki bizim ölkədə elə bir məktəb yoxdur. O səviyyədə müəllimlər də yoxdur ki, Olimpiya çempionu hazırlasınlar. Şərait baxımından da çox zəifdir. Ona görə də bu günə qədər ağır atletikada Azərbaycandan Olimpiya çempionu çıxmayıb, bundan sonra da olan deyil”.
Bu sözləri azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov müsahibəsində deyib.
Bizi sıxışdırmağa çalışırdılar İdmançı Azərbaycandan imtina edib getməsinin səbəbini açıqlayıb:
“Komandaya yeni məşqçi gətirdilər. O, bolqarıstanlı idi. Sözümüz heç düz gəlmirdi. Demək olar ki, hər gün dava edirdik. 2012-cu ildən komanda Zlatan Vanevə tapşırıldı. Onlar da başladılar komandalara öz adamlarını doldurmağa. Məşqçi heyətini başa düşdük, amma bunlar bolqar idmançıları da yığmamıza daşımağa start verdilər. Bizi sıxışdırmağa çalışırdılar. Bir sözlə, komandada xaos var idi, nizam-intizamsızlıq baş alıb gedirdi. Ürəyi necə istəyirdi, elə də davranırdı hamı ilə. Məşq planı yanlış idi. Özü necə düşünürdü, elə də edirdi. Sonra birdən-birə mənə dedilər ki, səni 2-3 aylıq cərimələyəcəyik. Evə göndərəcəyik, məşqlərdən kənarda qalacaqsan. Düşündüm ki, vəziyyət getdikcə qəlizləşir və başqa ölkəyə yollanmağa qərar verdim. AZAL klubunun prezidenti, AZAL şirkətinin rəhbəri Cahangir Əsgərovun əmisi oğlu İsgəndər Əsgərovun yanına getdim. Ona bildirdim ki, mən Azərbaycan yığmasını tərk edirəm. Dedi ki, “getmək istəyirsən, get”. Mən də Qazaxıstana yollandım”.
Məşqçi mənə dedi ki, sən Olimpiya çempionu ola bilərsən Nicat Rəhimov deyib ki, Qazaxıstan millisində çıxış etmək üçün üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun, Xəlil Mutlunun müəlliminin yanına gedib və bu komandada yarışmaq fikrində olduğunu deyib. O da razılaşıb. 2009-cu ildə yeniyetmələrin Avropa çempionu, 2010-cu ildə isə Yeniyetmələr Olimpiadasının qalibi adını qazanması ona bu şansı qazandırıb. Ondan Azərbaycanı niyə tərk etməsini də soruşublar və bundan sonra sınayıblar.
“Atletikada texnika da vacib amildir. Məşqçi bunu məndə gördü və dedi ki, “sən Olimpiya çempionu ola bilərsən”. Hətta bu barədə video var. Müəllim mənə söz verir” – idmançı deyir. Nicat Rəhimov deyir ki, Braziliyada qızıl medal qazandıqdan sonra Azərbaycandan ona çox zənglər gəlib:
“Ən çox da bilirsiz niyə? Deyirdilər ki, gəl, öz ölkənin adından çıxış et. Artıq mənim qayğıma qalmağa başlamışdılar”.
Nicata mane olmaq istəyirdilər İdmançının atası Əli Rəhimov isə bir neçə ay öncə mətbuata verdiyi “Nicat Azərbaycan millisinə qayıda bilər”- açıqlamasına aydınlıq gətirib:
“Bilirsiz, o vaxt Nicata mane olmaq istəyirdilər. Ona görə də aranı sakitləşdirmək lazım idi. Fikrini başqa yerlərə yönəltməsin deyə elə bir açıqlama vermişdim”.
Nicat Rəhimov isə deyib ki, onu Azərbaycan Ağır Atletika millisinə heç nə qaytara bilməz:
“İndi 1 milyon dollar versələr də, bura qayıtmaram. Problem təkcə məşqçilərlə bağlı deyil. Federasiyada da xeyli problemlər mövcuddur. Sizə bir şey deyim?! Bu dəqiqə ağır atletlər təlim-məşq toplanışı görmürlər. Onlar normal məşq keçmirlər. Sonra da biz burdan Olimpiya çempionları gözləyirik. Maaşlar vaxtında verilmir. Məqsədlərini belə bilmirlər”.
Ölkəm üçün çox darıxmışam İdmançı 4 il sonra Bakıya qayıtmasının səbəbini də açıqlayıb:
“2016-cı il Olimpiadasından sonra 2017-də dünya çempionatı olmalı idi. Amma 9 ölkəni bu yarışdan 1 illik uzaqlaşdırdılar. Onların içində Qazaxıstan da var idi. Bu səbəbdən arada boşluq yarandı, fürsətdən istifadə edib Azərbaycana qayıtdım. Onların içində Azərbaycan da, Türkiyə də var. Həm də ölkəm üçün çox darıxmışdım. Buradan gedəndə əsəbi idim. Heç qayıtmaq istəmirdim. Amma sonradan gördüm ki, Azərbaycan üçün darıxıram. Gəlib doğmalarımı, doğma torpaqlarımı görmək istədim. Vaxtım az olsa da, gəzirəm”.
İdmançılara “yuxarı”dan mane olurlar Nicat Rəhimov onunla eyni taleyi yaşayan azərbaycanlı yüngül atlet Ramil Quliyevdən də danışıb.
Ramil Quliyev Londonda keçirilən Dünya Atletika çempionatında Türkiyə təmsilçisi kimi qızıl medal qazanıb.
“Ramillə çox yaxın olmasa da, tanışıq. Biz Türkiyədə eyni yerdə təlim-məşq toplanışında olmuşuq. Bilirsiniz, bu gün Azərbaycanda yüksək nəticə verə biləcək xeyli idmançılar var. Hansı ki, onların potensialı yüksək səviyyədədir. Özlərini çox yaxşı göstərə bilərlər. Lakin onlara imkan vermirlər. “Yuxarıdan” onlara mane olurlar.
Dərd orasıdır ki, irəli aparmağa adam yoxdur. Heç kimi aparmırlar. Problem təkcə atletikada deyil. Bütün idman növlərindədir. Araşdırsanız görəcəksiniz ki, çox idman növlərində maaş almırlar, mükafatlar almırlar. Bu səbəbdən də onlar da üz tutur başqa ölkəyə. Gedir orada medal qazanır. Sonra da dalınca düşürlər ki, gətirsinlər Azərbaycana”.
Nicat Rəhimov Bakıya qayıdandan sonra AZAL klubunun prezidenti İsgəndər Əsgərovla görüşmədiyi deyir:
“Ümumiyyətlə, o, mənimlə görüşmək istəməz. Çünki utanacaq görüşməyə. Təkcə, Tofiq Heydərovla görüşdüm. Ona “sağ ol” demək lazımdır ki, əlindən gəldiyi qədər atletikaya kömək edir”.