Oktyabrın 17-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib.
Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi qeyd olunan görüşdə terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsi və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.
Cənubi Qafqazda sabitliyin, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin rolunun əhəmiyyətli olduğu bildirilib, ikitərəfli hərbi əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə ili ölkə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkə arasında keçirilən hərbi təlimlərə Gürcüstanın da cəlb olunmasının əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.