Venesuela Kanadadakı səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Venesuela XİN rəhbəri Xorxe Arreas bildirib.
“Prezident Nikolas Maduro Kanadadakı səfirimiz Uilmer Baryentosu məsləhətləşmələr üçün geri çağırmağa qərar verib”, - deyə nazir Twitter səhifəsində bildirib.
Nikolas Maduro bundan əvvəl ölkədə keçirilmiş qubernator seçkilərini pisləmiş Kanada hökumətini sərt tənqid edib. Kanada XİN rəhbəri Xrista Friland bundan əvvəl Venesueladakı seçkilərdə yol verilmiş nöqsanlara görə ölkəsinin səsvermənin nəticələrinin doğruluğuna şübhə ilə yanaşdığını bildirib.
“Kanadanın dedikləri niyə məni narahat etməlidir? Əgər Venesuela onlara heç maraqlı deyilsə, qoy rədd olub getsinlər buradan, lənət şeytana! Həyasız və sarsaq Kanada hökuməti”, - deyə Maduro xarici KİV-lərlə görüşündə bildirib.
Rəsmi məlumata görə, Vahid Sosialist Partiyası ölkənin 17 ştatında, müxalifət nümayəndələri isə ölkənin 3 ştatında qalib gəlib.