Oktyabrın 31-i Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimovun və atası Həsən İbrahimovun cinayət işi üzrə hazırlıq iclası keçrilib.
Vəkil Elçin Sadıqov Abzas.netə bildirib ki, prosesi Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov idarə edib.
"Qiyas İbrahimov şüşə kamerada saxlanılıb"
Vəkil deyir ki, məhkəmə öncə Qiyas İbrahimovun vəkilin yanında əyləşməyi ilə bağlı vəsatəti təmin etsə də, daha sonra Qiyas yenidən şüşə kamerada saxlanılıb.
"Məhkəməyə etiraz verdim. Mən etirazımda bildirdim ki, Bakı Apellyasiya Məhkəməsinin üç hakimi müdafiə etdiyim Qiyas İbrahimovun və atası Həsən İbrahimovun təqsirli olması məsələsinə qiymət veriblər və bildiriblər ki, hər iki şəxsin təqsiri var. Hakim bu vəsatəti də baxılmamış saxladığını elan elədi" - deyə vəkil Elçin Sadıqov bildirib. Proses təxirə salınıb.
Vəkilin sözlərinə görə, Dövlət İttihamçısı işin məhkəmə baxışına təyin edilməsi ilə bağlı vaxt istəyib. O bildirib ki, çıxışa hazır deyil.
Məhkəmə 7 noyabr 2017-ci il, saat 15:00-a kimi təxirə salınıb.
Qiyas İbrahimov və atası Həsən İbrahimov AR Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirləndirilirlər. Onlar hakimə hörmətsizlik etməkdə ittiham olunurlar. Həsən İbrahimovun oğlunun məhkəməsi zamanı hakimə “balalarınızın qarşısına çıxacaq” ifadəsi məhkəməyə təhqir kimi qiymətləndirilib.
Xatırlatma
Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.
Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.
[embed]https://youtu.be/9NFO5UcdBk8[/embed]