Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkə qanunvericiliyinin Ümümdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması məqsədilə "Texniki tənzimləmə haqqında" qanun layihəsi hazırlayıb.
Abzas.net xəbər verir ki, bu barədə komitə sədri Ramiz Həsənov "yaporg.az" saytına müsahibəsində bildirib.
Sədr deyib ki, bu addımlar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi ilə əlaqədardır.
Komitə sədri bildirib ki, qanun layihəsi ÜTT-nin Ticarətdə Texniki Maneələr haqqında Sazişi və Avropa İttifaqının (Aİ) müvafiq qanunvericilik aktları nəzərə alınmaqla hazırlanıb.
Ramiz Həsənov deyib ki, qanun layihəsi Aİ-nın "Tvinninq" layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə təkmilləşdirilib və sənəd Nazirlər Kabinetinə təqdim olunub:
"Az öncə qeyd etdiyim kimi, qeyd olunan sənədin qəbul olunması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını artıracaq".
Xatırlatma
Azərbaycanın ÜTT-ə üzv olması ilə bağlı danışıqlar 1997-ci ildən başlayıb və 20 ildir davam edir.
ÜTT-ə üzvlük korrupsiya, inhisar kimi neqativlərin aradan qaldırılmasını, daxili bazarın ÜTT ölkələrinə açıq olmasını nəzərdə tutur.
Ekspertlərə görə, Azərbaycan hakimiyyəti iqtisadi islahatlara getməmək üçün bu təşkilata qoşulmağa isti yanaşmır. Ona görə də danışıqlar ÜTT tarixində görünməmiş hal olaraq 20 ildir gedir.