"Reuters" agentliyinin verdiyi xəbərə görə Türkiyə hökuməti İstanbulun "Qalatasaray" futbol klubunun oyunu zamanı onun azarkeşlərinin açdığı plakatla bağlı təhqiqata başlayıb.
Türkiyənin hökumətyönlü mediası bu plakatın 2016-cı ilin uğursuz çevriliş cəhdi ilə birbaşa bağlı olmasını yazıb.
Oktyabrın 22-də "Qalatasaray" və "Fenerbahce" klublarının görüşünə az qalmış "Qalatasaray" azarkeşləri qapının arxasında nəhəng qırmızı-sarı plakat açıblar.
Plakatda Sylvester Stallone-nin məşhur qəhrəmanı Rocky-nin şəkli vardı. Şəklin altında isə iri hərflərlə yazılmışdı: “Ayağa qalx” və “Sən diz üstdə olduğundan onlar böyük görünürlər”.
Türkiyənin hökumətyönlü mediası bu plakatı və onun yazılarını ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin şəbəkəsi ilə bağlayan məqalələr dərc edib.
Ankara Güleni 2016-cı il iyul çevriliş cəhdinin təşkilatçısı olmaqda ittiham edir.
İqtidaryönlü Takvim qəzeti yazıb ki, plakatın üstündəki sözlər Gülenin bir çıxışında dediyi şüara işarədir. Bu çıxışda Gülen bir şeirdən “Ayağa qalx, Sakarya” misrasını oxumuşdu.
Hökumətə yaxın mənbələrdən biri "Reuters"-ə baş nazir Binali Yıldırımın bu plakatla bağlı təhqiqat aparılması barədə sərəncam verdiyini deyib.
"Qalatasaray" - "Fenerbahce" matçı 0-0 hesabı ilə başa çatsa da, oyundan sonra hakimin də xəsarət aldığı zorakılıq baş verib.
"Qalatasaray" komandasının bəyantında ittihamlar klubu gözdən salmaq məqsədilə edilən “acız cəhd” adlandırılıb. Bəyanatda deyilir ki, eyni plakat may ayında keçirilən matçda da nümayiş etdirilmişdi.
Klubun internet saytında dərc edilmiş bəyanatda daha sonra deyilir: “Biz bütün hüquqi imkanlarımızdan "Qalatasaray"ı o əliqanlı liderin xain təşkilatı ilə bağlamaq istəyən hər hansı təsisat, şəxs və ya sosial media hesabına qarşı istifadə edəcəyik”.
Türkiyədə 2016-cı ilin iyulundan bəri çevriliş cəhdi ilə əlaqədə şübhəli bilinən 50 min nəfər həbsxanaya salınıb, 150 min nəfər işindən məhrum edilib.
Beynəlxalq insan haqları təşkilatları bildirirlər ki, prezident Recep Tayyip Erdoğan baş tutmamış çevriliş cəhdindən öz hökumətinin opponentləri üzərinə hücum üçün istifadə edir.
"Reuters" yazır ki, Yıldırımın ofisindən verilmiş məlumatdan sonra "Qalatasaray" klubu səhmlərinin qiymətləri düşüb.