"Siyəzən məhbusları”nın hüquqlarının kobud pozuntusuna yol verilib

"Siyəzən məhbusları”nın hüquqlarının kobud pozuntusuna yol verilib
28 Oktyabr 2017
Mətni dəyiş

Sumqayıt Apelyasiya Məhkəməsində Siyəzən hadisələri ilə bağlı həbs edilənlərin məhkəməsi davam edib.  

Məlumatı vəkil Elçin Sadıqov verib. O, şikayətə hakim Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə kollegiyasının baxdığını bildirib.

Prosesdə “Siyəzən məhbusları”nın vəkilləri çıxış ediblər.

“Vəkillərdən Rafiq Quliyev sosial problemlərə dinc etirazlarını ifadə edən vətəndaşların azadlıq hüququnun məhdudlaşdırılmasının əsassız olduğunu dedi. Tutulanların azad edilməsini istədi”, - E. Sadıqov bildirib.

Vəkil E.Sadıqov isə öz çıxışında “Siyəzən məhbusları”nın hüquqlarının kobud pozuntusuna yol verildiyini bildirib:

[caption id="attachment_5065" align="alignnone" width="560"] Elçin Sadıqov[/caption]

“Məhkəmədən bəraət qərarı verməklə həbs edilənlərin hüquqlarının pozuntusuna son verilməsini istədim”.

Daha sonra məhkəmə kollegiyası dövlət ittihamçısına söz verib. Dövlət ittihamçısı çıxışdan ötrü məhkəmədən vaxt istəyib. Onun vaxt istəyi təmin edilib.

Məhkəmə kollegiyası prosesi noyabrın 22-dək təxirə salıb.

2016-cı il yanvarın 12-də Siyəzəndə bir qrup sakin unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb. Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zənn ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol verən 55 nəfər saxlanıb.

Quba Rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu. Onlar cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhv etmə), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama) və 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddələri ilə ittiham edilib.

Bundan başqa, onlara 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) kimi maddələrlə də ittiham verilib. Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun