Səməd Seyidov AŞPA-ya: "Niyə bir ölkə ilə belə, bizimlə başqa cür danışılır?"

Səməd Seyidov AŞPA-ya: "Niyə bir ölkə ilə belə, bizimlə başqa cür danışılır?"
12 Oktyabr 2017
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı iki qətnamənin qəbul edilməsindən sonra Azərbaycan nümayəndə heyəti BBC Azərbaycancaya müsahibə verib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ilə Strasburqdakı müxbirimiz Tural Əhmədzadə danışıb.

BBC AzərbaycancaBugün AŞPA-da qəbul edilən Azərbaycanla bağlı iki qətnaməyə münasibətiniz necədir?

Səməd Seyidov: Mən çıxışımda qeyd etdim ki, məruzə ümumən tənqidi xarakter daşıyır. Bu tənqidlərin arasında Azərbaycan tərəfinin nəzərə ala biləcəyi məqamlar da var. Amma elə məqamlar da var ki, biz onları qəbul etmirik.

Əslində Monitorinq Komitəsi bu məruzəni, belə demək mümkündürsə, konstruktiv ruhda hazırlamayıb.

Biz bilirik ki, Avropa Şurasının mahiyyəti təbii olaraq tənqiddir. Ancaq tənqiddən tənqidə böyük fərq var. Tənqid obyektivdirsə və konstruktivdirsə, belə tənqid nəzərə alınmalıdır. Amma tənqid qərəzlidirsə, yalandırsa və tənqidin arxasında hansısa başqa məqsədlər dayanıbsa, bu, tənqid edən tərəfin özünü zəiflədir, onu pis vəziyyətdə qoyur.

Ona gərə də bu nöqteyi-nəzərdən mən bugünkü müzakirələrdə Monitorinq Komitəsinin və İnsan Haqları Komitəsinin məruzələrini bir-birindən ayırardım. Ona görə ki, Monitorinq Komitəsinin məruzəsində hansısa bir dialoq aparmaq istəyinin cizgiləri özünü göstərdiyi halda, İnsan Haqları Komitəsinin məruzəsində tamamilə ağlasığmaz məsələlər qoyulub və həmin məruzəni heçə endirən məsələlər gündəmə gətirilib.

Ona görə də, bu nöqteyi nəzərdən, təəssüf ki, biz bugün əyani şəkildə Avropa Şurasının bir təşkilat kimi çox çətin bir böhran içində olmasının şahidi olduq. Çünki, bu təşkilatın qəbul etdiyi və ya qəbul etmək istədiyi sənədlərə ciddi müdaxilələr var.

Baxın, İnsan Haqları Komitəsinin bu gün təqdim etdiyi sənədə ağla sığmayan və həqiqəti əks etdirməyən əlavələr edilib. Amma bu əlavələr qəbul edildi, həm də yekdilliklə.

Reallığı əks etdirməyən sənəd heç bir dövlət tərəfindən qəbul edilə bilməz və bu gün burda baş verən hadisələr bu sənədin ciddiliyini xeyli aşağı salır. Elə təşkilatın da ciddiliyini aşağı salır. BBC Azərbaycanca: Yəni siz demək istəyirsiniz ki, bu sənəd dialoqa imkan vermir?

Səməd Seyidov: Biz həmişə dialoq tərəfdarı olmuşuq. Biz konfrontasiya tərəfdarı deyilik. Amma nə etmək olar ki, bu təşkilatda (bu gün hamısı yığışıb gəlmişdi) elə adamlar var ki... Məsələn, cənab Strasser, cənab Schwabe ...Bunların məqsədi hər hansı bir məsələnin həllinə nail olmaq deyil, vəziyyəti gərginləşdirməkdir, Azərbaycanı Avropa məkanından uzaqlaşdırmaqdır, Azərbaycana qarşı hansısa bir ağla sığmayan əlavələri qəbul etdirməkdir.

Mən təsadüfi demədim ki, Omtzigin arxasında erməni lobbisi dayanıb. Amma əfsuslar olsun ki, son zamanlar Avropa Şurasının Baş katibi də bu istiqamətdə Azərbaycanın qəbul etmədiyi və edə bilməyəcəyi bir mövqe tutub.

Siz bilirsiniz ki, Avropa İnsan Haqları Məhkəməsinin indiyədək 10 minə qədər qərarı yerinə yetirilməyib. Siz burada Britaniya təşkilatını təmsil edirsiniz. Böyük Britaniya, ümumiyyətlə bu məhkəmənin qərarlarını yerinə yetirməkdən imtina edib. Hətta elə ölkə də var ki, Avropa Şurasından ümumiyyətlə imtina edib. Nə üzvlük haqqını verir, nə də insan haqları məhkəməsini tanıyır.

Mən sizə Baş katibin Rusiyanın xarici işlər naziri Lavrova məktubunu göstərə bilərəm. Orada o yazır ki, "nə olar, gəlin biz danışıqları davam etdirək, dialoq əsasında bir çıxış yolu tapaq. Siz də, düzdür pul ödəmirsiniz, amma gəlin bir dialoq, anlaşma yaradaq..."

Niyə bir ölkə ilə belə, bizimlə başqa cür danışılır?

BBC Azərbaycanca: Azərbaycanın Avropa Şurasından çıxarılması hələlik kəskin şəkildə qoyulmayıb. Prezident Əliyev isə demişdi ki, Azərbaycanın Avropa Şurasından çıxması, nə Avropa, nə də Azərbaycan üçün heç nəyi dəyişməyəcək. Bu barədə siz nə düşünürsünüz?

Səməd Seyidov: Avropa və Avropa Şurası arasında bərəbərlik işarəsi qoyulmamalıdır. Avropa yalnız bir təşkilatdan ibarət deyil və burada ATƏT və Avropa Parlamenti kimi qurumlar var.

Azərbaycan bütün Avropa təşkilatları ilə öz milli maraqları çərçivəsində əməkdaşlığa hazırdır. Amma əgər hər hansı bir təşkilat özünü ölkədən üstün hesab edərək bu ölkənin inkişaf istiqamətinə təsir göstərmək istəyirsə, ölkəni onun milli maraqlarına zidd başqa bir istiqamətə aparmaq istəyirsə, təbii bu qəbulolunmazdır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu müddət ərzində Avropa Şurası ilə bağlı xeyli nailiyyətlərimiz olub.

Azərbaycan bu gün regionda ən güclü dövlətdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Ona görə də Avropa Şurasının əhəmiyyətini və rolunu onun real əhəmiyyət və rolundan yüksək qiymətləndirməyə ehtiyac yoxdur.

İlqar Məmmədov
Səməd Seyidov İlqar Məmmədovla bağlı bildirib ki, bu, "təzyiq vasitəsi"dir.

BBC Azərbaycanca: Bəs sizcə Avropa təsisatları ilə Azərbaycan arasında ziddiyyət və qarşıdurmaya səbəb olmuş bir qərara niyə baxılmır? Yəni doğrudanmı İlqar Məmmədov barədə qərara baxılıb icra edilməsi mümkün deyildir?

Səməd Seyidov: Birincisi, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin hansısa bir qərarını kənara qoyub baxmadığını söyləmək düzgün deyildir. Əksinə, Azərbaycan başqa ölkələrdən fərqli olaraq, nəinki qərarlara hörmətlə yanaşır, hətta bu qərarlara uyğun olaraq zərər çəkmiş insanlara kompensasiya verilməsi sahəsində də öz öhdəliklərini yerinə yetirir.

Sadəcə mənim üçün bir millət vəkili kimi maraqlıdır ki, niyə Avropa Məhkəməsi Çıraqovla bağlı qətnamə qəbul edir ki, dərhal buraxılmalıdır, amma Ermənistan bunu etmir. Bununla bağlı nə baş katib bir hərəkət edir, nə də hansısa başqa bir qurum qalxıb deyir ki, Ermənistan bu qərarı yerinə yetirməyib.

Amma bu məsələ [İlqar Məmmədov məsələsi] gündən-günə qabardılır. Biz başa düşürük ki, bu, təzyiq vasitəsidir. Təəsüf ki, Avropa Şurasında insan haqlarını bəhanə gətirərək ölkənin siyasətinə təsir etmək cəhdləri özünü göstərir.

Bunu hamı da başa düşür ki, bu məsələnin arxasında hansısa siyasi motivlərin durduğunun bildirilməsi Azərbaycana təzyiq etmək məqsədi güdür.

Bunda məqsəd, Azərbaycanı enerji təhlükəsizliyini təmin edən bir ölkə kimi Avropa məkanından kənarlaşdırmaqdır, nəticədə Avropanın özünü zəiflətməkdir və bunu da bütün dünya başa düşür.

Bunu təkcə Azərbaycana qarşı işləyən yox, həm də Avropaya qarşı işləyən qüvvələr edir.

AŞPA
Səməd Seyidov: "Əslində isə Avropa Şurası bildirməliydi ki, Ermənistan işğalçıdır və bu işğalla əlaqədar beynəlxalq qanunlar əsasında onun üzərinə sanksiyalar qoyulmalıdır".

BBC Azərbaycanca: Lakin sizin də dediyiniz kimi Avropa Şurası Ermənistanla da bağlı qərarlar qəbul edir, yəni təkcə Azərbaycan hədəflənmir.

Səməd Seyidov: Bəli, Çıraqovla bağlı qətnamə qəbul olundu, lakin Avropa Şurası bu qərarın icra etdirilməsi üçün özündə güc tapmır.

Bundan başqa, 2005-ci ildə Avropa Şurası qərar qəbul edib ki, Ermənistan işğalçıdır və Azərbaycan torpaqlarında etnik təmizləmələr aparır.

Bir müddət əvvəl Avropa Şurasında Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edilib.

Amma reallıq budur ki, bu qərarların heç biri sona çatdırılmayıb. Əslində isə Avropa Şurası bildirməliydi ki, Ermənistan işğalçıdır və bu işğalla əlaqədar beynəlxalq qanunlar əsasında onun üzərinə sanksiyalar qoyulmalıdır. Beynəlxalq qanunun bu şəkildə tətbiqi bütün başqa münaqişələrin də həllinə müsbət təsir göstərərdi.

Çox maraqlıdır, Rusiyaya bu sanksiyaları tətbiq edirlər. Rusiya buna görə inciyib çıxıb gedir. Rusiya AŞPA-dakı iştirakını dayandırır, amma bundan sonra Avropa Şurası, onun prezidenti, parlament assambleyası əlindən gələni etmək istəyir ki, Rusiya bura qayıtsın.

Baxmayaraq ki, Ukrayna məsələsi, başqa məsələlər baş verib. Amma Ermənistan Azərbaycan torpaqlarını işğal edib, ona deyirlər ki, otur burda.

Bu Azərbaycana bir xələl gətirmir, bu, Avropa Şurasının özünün gücünü, çəkisini və gələcəyini sual altına alır.

Azərbaycan bu saat regionda ən güclü ölkələrdən biridir. Azərbaycanın bütün Avropa ölkələri ilə ikitərfli strateji əməkdaşlıq münasibətləri var. Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri ən yüksək səviyyədədir.

Azərbaycan prezidenti bu yaxınlarda Şərq Tərəfdaşlığı ölkələrinin sammitdə iştirak edəcək. Amma mən burada, bu təşkilatda beynəlxalq qanunun pozulmasını görürəm.

Təsəvvür edin ki, mən burda Kataloniyada keçirilmiş referendumu dəstəkləyən adamları görürəm. Burada İspaniyanın ərazi bütövlüyünə qarşı çıxanlar var.

Mən görürəm ki, burda Ermənistanı nəinki dəstəkləyənlər, hətta onun bir işğalçı dövlət kimi tanınmaması üçün əllərindən gələnləri edən lobbilər var.

Mən görürəm ki, Baş katib icra olunmamış on min qərarı bir tərəfə qoyub, bir qərara görə Azərbaycana sanksiyalar qoyulmasını istəyir.

Amma sanksiya tətbiq olunmuş ölkəni isə yalvara-yalvara bura qaytarmağa çalışır.

Bu Avropa Şurasına, onun baş katibinə və strukturlarına başucalığı gətirən bir haldırmı?


BBC AzərbaycancaLakin baş katibin sözçüsü bizimlə müsahibədə dedi ki, Qarabağ münaqişəsi ilə ATƏT məşğul olur...

Səməd Seyidov: Qarabağla bağlı ATƏT-də Minsk qrupu yaradılıb, Ukrayna ilə bağlı da başqası... Dnestrayanı ilə başqa bir təşkilat məşğuldur. Gürcüstan məsələsinə ümumiyyətlə müdaxilə etmirlər. Onda bu təşkilat nə ilə məşğul olmalıdır? Yəni insan haqları harda pozulur? O yerdə ki, müharibə var, o yerdə ki, insanları öz evlərindən qovurlar, qadınları zorlayırlar, uşaqları öldürürlər... Yaxşı bəs burda insan haqlarını görməyib, bunlar insan haqlarını harda axtarırlar? Bunlar ideal bir cəmiyyətdə olacaq insan haqlarını axtarırlar.

Sən əvvəlcə bu ideal cəmiyyəti yarat, işğalçı dövləti "işğalçı" adlandır, ondan sonra, ideal cəmiyyətin içərisində işlə...Amma sən bunları qırağa qoyub deyirsən ki, "mən hipotetik insan haqları ilə məşğul oluram".

Bilirsinizmi, bir dəfə bu təşkilatın baş katibi Şvimmer demişdi ki, hətta bir siyasi məhbus da çoxdur. Mən də qayıdıb ona demişdim ki, hətta bir metr işğal edilmiş ərazi də çoxdur. Yaxşı, indi bunlar bir nəfərlə məşğul olurlar, amma Azərbaycanın 20 faiz torpağı işğal edilib, bir milyon qaçqını var... Bunlar insan deyillər?

Azərbaycan torpaqlarını qeyri-qanuni qopartmış bir rejim qeyri-qanuni bir məhkəmə qurur, qeyri-qanuni qərar qəbul edir, Dilqəm Əsgərovla Şahbazı saxlayırlar... Bu ki tam qeyri-qanuni bir əməldir. Bəs Avropa Şurası hara baxır? Əksinə Avropa Şurasının vise-prezidenti gedib onlara dəstək verir. Bütün bunları görəndə müharibədən məşəqqət çəkən bir millət nə desin? Desin ki, Avropa Şurası yaxşı bir təşkilatdır? Bununla bağlı heç olmasa bir bəyanat verilsin. Yoxdur.

Siz Azərbaycanda olan səbrə baxın ki, bütün bunlarla yanaşı Azərbaycan əməkdaşlığını davam etdirir, konstruktiv tənqidi qəbul edir. Amma bu gün burda bir neçə cənab tərəfindən siyasətçiyə yaraşmayan, uşaq hərəkəti edilir.

Məsələn "mən nə edim ki, bu məruzəyə bir şey əlavə edim, qoy Azərbaycanı yandırsın".

Necə demək olar ki, Azərbaycanda hüquq islahatları yoxdur. Sənədləri qaldırın. Avropa Şurasının, Venesiya Komissiyasının, Baş katib Yagland-ın tövsiyələri əsasında bütün hüquq islahatları yerinə yetirilib. Bunu inkar edəndən sonra, ora nə istəsəniz yaza bilərsiniz.

Mən bu gün təklif etdim ki, ora yazın Azərbaycan Avropa Şurasının üzvü deyil və hamı da yekdilliklə səs versin.

Günəşə də desinlər ki, Günəş deyil, Aya da desinlər ki, Ay deyil.

Mən çox istərdim ki, medialar, xüsusilə də Azərbaycandan kənarda olan medialar bunu başa düşsünlər. Başa düşsünlər ki, Azərbaycanı Avropadan kənarlaşdırmaq istəyən qüvvələr nə edirlər. Onlar insan haqlarından istifadə edib Azərbaycanın imicini qəsdən mənfi şəkildə təqdim edirlər ki, Azərbaycanın Avropa məkanında qəbulolunmazlığı qənaəti yaradılsın.

Bunu edən Azərbaycan deyil, Avropanın zəifləməsində maraqlı olan şəxslərdir. Bunu edən Azərbaycan torpaqlarını işğal edən qurumlardır. Bunu edən insan haqlarının əleyhinə işləyən qurumlardır. Azərbaycan insan haqlarını, demokratiyanı, qanunun aliliyini və Azərbaycan xalqının maraqlarını ən yükəsk səviyyədə təmin etmək niyyətindədir.

BBC Azərbaycanca: Lakin burada belə fikir də səsləndirilir ki, Azərbaycan-Ermənistan münaqişəsi başqa münaqişələrdən fərqli olaraq artıq bu iki ölkə Avropa Şurasına qoşulandan əvvəl mövcud idi...

Səməd Seyidov: Siz bu yanaşmada bir məntiq görürsünüz? Mən 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul ediləndə mən bu binada idim. Rəhmətlik Heydər Əliyevlə birlikdə biz Azərbaycanın bayrağını qaldırırdıq. Və bizim bu şuraya qoşulmağımızın əsas məqsədi bu idi ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin işğalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq.

İndi kimsə deyirsə ki, bu münaqişə siz təşkilata qoşulandan əvvəl mövcud olub, bu tamamilə məntiqsiz bir məsələdir. Onda biz bir ölkə kimi bu təşkilatdan nə istəyə bilərik?

Məsələ burasındadır ki, bunlar özlərində güc tapıb beynəlxqalq qanunu qoruya da bilmirlər, həmin qanunun aliliyini təmin edə bilmirlər.

Buna görə də özlərinin gücsüzlüyünü insan haqları, demokratiya və qanunun aliliyi uğrunda mübarizə ilə əvəz etmək istəyirlər. Buna bilirsiniz nə deyilir? Sublimasiya. Yəni mən bir şeyi əldə edə bilmirəmsə, onu nə iləsə əvəzləməliyəm.

Əslində isə İlqar Məmmədov məsələsi, bütün başqa məsələlər, insan haqları məsələsi, qanunun aliliyi, demokratiya Dağlıq Qarabağla bağlı olan məsələlərdir.

Dağlıq Qarabağ məsələsi öz obyektiv, ədalətli həllini tapsa, bu məsələlərin hamısı avtomatik olaraq həllini tapar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun