Respublikaçı Alternativ Partiyası qurultay keçirmək üçün yer verilmədiyini bildirir

Respublikaçı Alternativ Partiyası qurultay keçirmək üçün yer verilmədiyini bildirir
20 Oktyabr 2017
Mətni dəyiş

Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu partiyanın birinci təsis qurultayını bu il oktyabrın 29-da keçirilməsi ilə bağlı qərar verib. Abzas.net xəbər verir ki, Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin partiya qurultayının yeri ilə bağlı media açıqlamasında problem yaşadıqların bildirib. Partiyanın Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən və 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. Təşkilat Komitəsi həmçinin oktyabrın 2-də partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlayıb.

"Qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cabab vermə qaydasını pozaraq Bakı İcra Hakimiyyəti bizim müraciətimizə hələ də cavab verməyib və hətta müraciətimizi qeydə almadıqlarını və icraata göndərmədiklərini bildiriblər", məlumatda qeyd edilir.

Təşkilat Komitəsi həmçinin xatırladır ki, müraciətdə göstərdikləri yerlərdə digər siyasi partiyalar öz qurultaylarını və digər tədbirlərini keçirib.

"Hesab edirik ki, Bakı şəhər İcra Hakimiyyəti qanunun tələblərini pozaraq müraciətimizə cavab verməməklə bir tərəfdən ayrıseçkilik edib, digər tərəfdən siyasi fəaliyyət azadlığını köbud şəkildə pozub. Bütün bunlar onu göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir".

Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsi bildirir ki, partiya qurultayını keçirməkdə qərarlıdır və mövqeyində hər hansı dəyişiklik olmayacaq.

Öz növbəsində, Təşkilat Komitəsinin açıqlamasına rəsmi qurumlar hələ münasibət bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun