Bazar günü, oktyabrın 15-də Qırğızıstanda növbəti prezident seçkiləri keçirilib.
Qırğızıstanın hazırkı prezidenti tərəfindən dəstəklənən namizəd Sooronbay Jeenbekov topladığı səslərə görə irəlidədir.
Qırğızıstanın Mərkəzi Seçki Komissiyası (MSK) 1,5 milyondan çox bülletenin hesablanmasından sonra Sooronbay Jeenbekov-un səslərin 55 faizini yığdığını bildirib.
Səsvermədə 1 milyon 557 min 225 nəfərin iştirak etdiyi deyilir.
Jeenbekov-un əsas rəqibi sayılan Omurbek Babanov səslərin təxminən 33 faizini toplayıb.
Qırğızıstan qanunvericiliyinə görə, seçkilərin birinci turunda namizədlərdən biri səslərin ümumi sayının yarıdan çoxunu topladığı halda, o, qalib elan olunur və ikinci turun keçirilməsinə ehtiyac qalmır.
Seçkidə iştirak etmiş seçicilərin sayına aşağı hədd qoyulmur.
Budəfəki seçkinin fərqli cəhəti nəticənin əvvəlcədən proqnozlaşdırılmasının çətin olması idi.
Qələbəyə şanslı namizədlərdən biri sayılan Sooronbay Jeenbekov, altıillik prezidentlik müddəti başa çatdığından hakimiyyəti təhvil verən, hazırkı prezident Almazbek Atambayev tərəfindən dəstəklənir.
Jeenbekov və digər daha bir şanslı sayılan namizəd Omurbek Babanov keçmişdə Baş nazir vəzifəsində çalışıblar.
Qırğızıstanda 6 milyona yaxın əhali yaşayır.
Qırğızıstanın müstəqillik dövründə seçilmiş iki prezidenti hakimiyyətdən kütləvi etirazlar nəticəsində getməli olmuşdular.
BBC Mərkəzi Asiya müxbirinin qeyd etdiyinə görə, bu dəfəki seçkilər tarixi əhəmiyyətə malik olacaq, çünki ilk dəfə olaraq seçilmiş prezidentə hakimiyyət dinc yolla ötürüləcək.