Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
19 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 17-də, saat 11 radələrində Bakıda daha bir piyadavurma hadisəsi baş verib. Hadisə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında baş verib.

"Land Rover Range Rover" markalı, "90 AA 707" dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurub. Məlumatı avtosfer.az yayıb.

Hadisə piyada keçidinin üstündə baş verib. Bildirilir ki, yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub.

"Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyi ilə sürücü yaralını maşına qoyaraq xəstəxanaya aparıb. Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn "Land Rover Range Rover"in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən maşınların dayandığını gördükdə maşını dayandıra bilməyib. Qarşıdakı maşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub", - saytının hadisə yerində olan jurnalisti yazır.

Hadisəni törədən şəxsin kimliyi haqda məlumat verilmir.

Meydan TV qəza törədən maşının sahibini araşdırıb. Məlum olub ki, "90 AA 707" nömrə nişanlı, "Land Rover Range Rover" markalı maşın Daşınmaz Əmlakın Dövlət Reysterinin sabiq rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovun maşınıdır.

Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.

Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.

Nömrə "Paşa sığorta" şirkətində "Lexus 570" markalı maşın üzərinə sığorta edilib. Nəqliyuat üzrə ekspert Ərşad Hüseynov deyir ki, nömrə ayaqqabı deyil istənilən ayağa geyinilsin:

"Dövlət Yol Polisi belə bir faktı müəyyənləşdirsə, maşın cərimə meydançasına aparılmalı, sürücü isə 4 bal, 60 manat miqdarında cərimələnməlidir".

"Qafqazinfo" yazır ki, Qaraşovun oğlu bir müddət əvvəl "Kapital Bank"ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılıb.

Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə də məşğul olurlar.

Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar, o cümlədən "Bentley"  "Rolls-Royce" və digər markalar yer tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun