Partiya sədrinin müavini mitinqdə iştiraka görə işdən çıxarılıb

Partiya sədrinin müavini mitinqdə iştiraka görə işdən çıxarılıb
6 Oktyabr 2017
Mətni dəyiş

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini, 5 ildir ki, Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyənHəsrət Rüstəmov bu gün işdən çıxarılıb. Bu haqda Turan-a H.Rüstəmov özü bildirib.

O, işdən çıxarılmağının sırf siyasi motivlərlə bağlı olduğunu deyib: "Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 23-də keçirdiyi aksiyadan sonra mənə təzyiqlər başladı. Ancaq heç düşünməzdim ki, təzyiqlər bu səviyyəyə çatacaq. Axı hər zaman ictimai-siyasi fəaliyyətim göz önündə olmuşdu, mediaya açıqlamalarım davamlı idi, ancaq təzyiqlər bu həddə gəlib çatmamışdı". H.Rüstəmov güman edir ki, baş həkimə lap yuxarı səviyyədə göstəriş olub.

Onun sözlərinə görə, əvvəlcə cəza vermək istəyiblər, ancaq işində qüsur tapılmayıb, ardınca artıq işdən çıxarılmağı üçün göstəriş verildiyi barədə məlumat əldə edib:

"Bu gün işə Bakı Şəhər Təcili Yardım Stansiyasının 3 saylı bölməsinə, iş yerimə getdim, müdir barəmdə əmr olduğunu bildirərək işə buraxmadı. Amma əmri özümə təqdim etməyiblər".

H.Rüstəmov bu addımı əmək hüquqlarının pozulması adlandırıb və hüquqlarını sonadək müdafiə edəcəyini bildirib.

Bakı Şəhər Təcili Yardım Stansiyasından H.Rüstəmovun işdən çıxarılmasının səbəblərini şərh etməyiblər.

Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqdə iştiraka görə Demokrat Partiyasının finksionerləri Zakir Həsənov, Nurəddin İsmayıl və Həsrət Rüstəmovu polis idarələrində sorğu-sual ediblər

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun