NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü, "Heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimov ilə atası Həsən İbrahimovun məhkəməsinin başlayacağı tarix açıqlanıb.
Abzas.net xəbər verir ki, məhkəmə 31 oktyabrda baş tutacaq.
Oktyabrın 31-i 11:30-da Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimovla atası Həsən İbrahimovun cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
Həsən İbrahimovun oğlunun məhkəməsi zamanı hakimə “balalarınızın qarşısına çıxacaq” ifadəsi məhkəməyə təhqir kimi qiymətləndirilib.
Xatırlatma
Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.
Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.