Müsavat Partiyası oktyabrın 21-də etiraz yürüşü keçirəcək. Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Abzas.net xəbər verir ki, qərar partiyanın Divanında qəbul edilib. Yürüşün keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərilib.
Müraciətdə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu”na görə vətəndaşların qanunla xüsusi qadağan olunmuş ərazilər istisna olmaqla hər yerdə sərbəst toplaşmaq hüququ vardır. Konstitusiya və qanunlara görə sərbəst toplaşma azadlığının mitinqdən başqa növləri də təmin edilməlidir.
Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aşağıdakı marşrutlardan birində kütləvi tədbirin keçiriləcəyini bildirib:
1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;
2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.
Yürüş “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və digər şüarlarla keçiriləcək.
Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə çıxış edərək Azərbaycanda sərbəst toplaşma azadlıqlarının təmin olunduğunu, hətta sonuncu mitinqin bir həftə əvvəl baş tutduğunu vurğulayıb.
Bundan sonra Müsavat başqanı Arif Hacılı ölkə başçısı İlham Əliyevi öz sözünün üstündə durmağa çağırıb:
“Sərbəst toplaşma azadlığının 4 növü var, mitinq onlardan yalnız biridir. Dəfələrlə stadion dışında, mitinq, yürüş, piket keçirmək üçün müraciətlərimiz qanunsuz olaraq qadağan edilib. Qanuni tədbirlərimiz icazəsiz adlandırılaraq təziqə, zorakılığa, həbslərə məruz qalmışıq. İndi deyirsiniz sərbəst toplaşma azadlığı təmin edilir?"
Arif Hacılı bildirib k, “Məhsul” stadionundan kənarda kütləvi aksiya keçirmək üçün müraciət edəcəklər: "Görək İlham Əliyev mötəbər tədbirdə dediyi sözün arxasında dura biləcəkmi?”.