Milli Şura DTX-nın iddiasını rədd edir

Milli Şura DTX-nın iddiasını rədd edir
26 Oktyabr 2017
Mətni dəyiş

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çərşənbə günü yaydığı bəyanatda bildirir ki, Milli Şuranın şənbə günü baş tutacaq mitinqində "terror aktı törətməyi planlaşdıran dini ekstremist qrupun üzvlərini məhv edib".

Milli Şuranın şənbə gününə planlaşdırılan mitinqin təşkilatçıları nümayiş aksiyasında terror aktı ola biləcəyinə inanmırlar.

BBC Azərbaycancaya danışan mitinq təşkilatçılarından biri Eldəniz Quliyev isə bu bəyanatı "mitinqin kütləviliyindən ehtiyat edən ideoloji iş aparıcılarının növbəti uğursuz piarı" adlandırır.

O, DTX tərəfindən əməliyyat barədə xəbərdarlıq və ya məlumat almadığını və informasiyanı kütləvi informasiya vasitələrindən oxuduğunu deyir.

Milli Şuranın üzvü Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimli də bu məlumata inanmadığını deyir.

"Bu məqsədli şəkildə mitinqə gələn insanları çəkindirmək məqsədi daşıyır. Mitinq dövlətin təhlükəsizliyinə zəmanət verdiyi yerdə baş tutur", o bildirir.

Dövlət Təhlükəsizlik Xidməti BBC Azərbaycancaya bildirib ki, "mitinq təşkilatçılarının bu yanaşmasını yalnış hesab edirlər" və ölkədə baş verəcə biləcək "bütün mümkün təhlükələrə qarşı" tədbirlər görülür.

"Siyasi görüşündən, dinindən aslı olmayaraq bütün Azərbaycan vətəndaşları qorunur", qurum nümayəndəsi bildirib.

Eldəniz Quliyevin sözlərinə görə, Milli Şuranın mitinqi Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılıb. O, deyir ki, hər mitinqdən əvvəl Bakı Şəhər Baş Polis İdarəsində görüş keçirilir və təhlükəsizliyin təmin olunması ilə bağlı qarşılıqlı öhdəlik götürülür".

"Mitinq təşkilatçıları təhlükəsizliyi kifayət qədər düzgün qurub", deyən cənab Quliyev terror aktı ola biləcəyini ehtimal etmir.

"Talana son deyən, öz xalqının yaxşı gününü arzulayan bir yığıncaqda terror hadisəsinin olması nonsensdir", o bildirir.

Eldəniz Quliyev və Əli Kərimli şənbə günü Milli Şuranın mitinqinin planlaşdırıldığı kimi baş tutacağını bildirirlər.

Milli Şuranın mitinqi, 7 oktyabr, 2017
Milli Şuranın mitinqi, 7 oktyabr, 2017

DTX-nın bəyanatına görə, qurum xaricdə fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan ərazisində terror aktları planlaşdırdıqları barədə məlumat əldə etdiyini bildirib.

Qurum müəyyən edib ki, Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah" ləqəbli Azərbaycan vətəndaşı Ələkbərov Bəxtiyarın yaşadığı evdə toplaşıb və "ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb".

Qrupun "ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə" Milli Şuranın mitinqində "terror aktı törətmək barədə razılığa gəlmişlər", bəyanatda deyilir.

DTX bildirir ki, məsələ ilə bağlı başlamış cinayət işi üzrə qrup üzvlərinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb və çərşənbə günü kompleks əməliyyat tədbirləri keçirilib.

Bəyanatda qeyd olunur ki, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat zamanı dəstənin 3 üzvü silahlı müqavimət göstərib və "xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər".

Qurum hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini deyir.

Milli Şura 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb. Onların təşkil etdiyi son mitinq oktyabrın 7-də baş tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun