Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasının gündəliyinə 3 məsələ əlavə olunub.
Bunlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərdir. Hər üç sənədə təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir.
Bu məsələlər də əlavə olunduqdan sonra, iclasın gündəliyindəki məsələlərin sayı 38-ə çatıb.
Hər üç sənədə nəzərdə tutulan eyni dəyişiklik parlamentin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna səbəb olaraq layihələrin müzakirəyə hazır olmadığını bildirmişdi.
İclasdan bir neçə gün sonra isə məsələnin müzakirəsinin MM-in yaz sessiyasına qədər təxirə salındığı açıqlanmışdı.
Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.