Kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətini dialoqa çağırıb.
Abzas.net xəbər verir ki, Kürd muxtariyyətinin rəhbərliyi İraqın şimalında keçirilmiş referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib.
Bəyanatda muxtariyyət rəhbərliyi İraq hökümətini atəşi dayandırmağa çağırıb və dialoqa hazır olduqlarını açıqlayıb:
"Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması, 2) Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması, 3) Konstitusiyanın əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqa başlamaq."
Sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib.
İraq höküməti referendumun qanunsuz olduğunu bəyan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələri haqda dialoqa getməyəcəyini açıqlayıb.
Oktyabrın ortalarında İraq ordusu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda “Peşmərgə”yə qarşı hərbi əməliyyata başlayıb.