Kataloniya bir tərəfli qaydada müstəqilliyini elan edərsə "Barselona" futbol klubunun aqibəti necə olacaq?
Kataloniya həqiqətən də İspaniyadan ayrılarsa, regionun həyatının bütün sahələrində ciddi dəyişikliklər olacaq. Artıq mərkəzi ofisləri Barselonada yerləşən bir çox iri şirkətlər Madridə köçməyə başlayıb. Bu mənada idman da istisna deyil. Tanınmış "Barselona" futbol komandası İspaniya La Liqasına daxil olmasa, harada oynayacaq?
Müstəqillik referendumundan sonra bütün həftə ərzində Kataloniyada İspaniyadan ayrılmanın tərəfdarları və əleyhdarlarının mitinqləri keçirilib. Eyni zamanda, Kataloniya hökumətinin başçısı Carles Puigdemon müstəqilliyin istənilən halda elan ediləcəyini vəd edib. O deyib ki, bu, birtərəfli qaydada olsa belə, baş verəcək. Artıq bu gün – oktyabrın 10-da müstəqilliyin elan ediləcəyi gözlənilir.
"KLUBDAN DAHA ARTIQ"
"Barselona" İspaniyada ən uğurlu klublardan biridir. O, 24 dəfə La Liqanın (İspaniya çempionatı), 29 dəfə Kral Kubokunun, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. "Barselona"nın devizi isə belədir: "Klubdan daha artıq". Doğrudan da "Barselona" sadəcə klub deyil. Bu, öz qəhrəmanları, ənənələri və son hadisələrdən göründüyü kimi, öz nəzər-nöqtəsi olan bütöv bir mədəniyyətdir. Dəfələrlə "Barselona"nın ayrı-ayrı oyunçuları Kataloniyanın müstəqilliyini dəstəkləyiblər. Oktyabrın 1-də isə klub katalanların müstəqillik referendumunda azad səs vermək hüququnu açıq dəstəkləyib.
Kataloniyada futbolun özü də sadəcə futbol deyil. Burada hər kəs futbol oynayır. Hər ikinci adamsa "Barselona"nın azarkeşidir. İlk baxışdan elə görünürdü ki, azarkeşlərin sıralarını heç nə poza bilməz, ancaq müstəqillik referendumu bunu edə bildi.
Proqramçı Mandela Oyeleke "Barselona"nın azarkeşidir. O deyir ki, onun sevimli futbol klubu regionun müstəqilliyini birbaşa dəstəkləmir. O hesab edir ki, klubu mübahisəli söhbətlərə qoşmağa dəyməz. Elə buna görə də referendum günü "Barselona" meydançaya çıxaraq Kanar adalarının "Las Palmas" komandası ilə oynayıb. Ancaq oyun tamaşaçılarsız keçib: İspaniya Futbol Federasiyası referenduma görə oyunun kütləvi dava ilə başa çatacağından ehtiyatlanıb.
"HƏDDİNDƏN ARTIQ NEYTRAL MÖVQE TUTUR"
Kataloniyalı Juana Ramon Barbu da "Barsa" fanatıdır. Ancaq o, klub rəhbərliyinin meydançaya çıxaraq oynamaq qərarından məyus olub. O deyir ki, stadionun divarları arxasında sənin həmvətənlərini rezin güllələrlə qovurlarsa, turnir cədvəlində 3 xala görə mübarizə aparmaq olmaz:
"Fikrimcə, indi klub çox neytral mövqe tutur – həddindən artıq neytral. Desmond Tutu-nun (Keyptaunun Anqlikan arxiyepiskopu, aparteidə qarşı fəal mübariz, Nobel Sülh Mükafat laureatı (1984)) dediyi kimi, "Əgər siz ədalətsizlik məsələlərində neytral qalırsınızsa, deməli, zalımın tərəfindəsiniz". Klubun prinsipə getməyərək oktyabrın 1-i "Las Palmas"la oynaması məni çox, çox məyus edir. Həmin gün Kataloniyanın küçələrində baş verənləri nəzərə alsaq, onlar oyundan imtina etməli idilər".
"Barselona"nın referendumla bağlı mövqeyini aydın ifadə etmiş yeganə oyunçusu İspaniya millisinin müdafiəçisi Gerard Piqué-dir. O, hətta İspaniya millisində çıxışlarına son qoymağa hazır olduğunu da deyib:
"Biz futbolçuyuq. Ancaq biz ilk növbədə insanıq. Mən siyasətdən danışmaq istəməyən futbolçuların mövqeyini anlayıram. Siyasətdən danışmaq çətinlik yaradır, bunu mən sizə dəqiq deyə bilərəm. Ancaq niyə də öz fikrimizi bildirməyək?".
İKİ SEÇİM
Kataloniyanın İspaniyadan ayrılacağı halda klubun iki seçimi var: yeni dövlətin öz liqasını yaratmasını gözləmək, yaxud da başqa ölkənin liqasında oynamaq.
"Müstəqillik elan edilərsə, "Barsa"nın İspaniya La Liqasından çıxması... reallıqdır və biz onu qəbul etməyə hazırıq". "Barsa"nın Liqadan çıxarılması ilə bağlı hədələr bir məqsədə xidmət edir – biz qorxaq və seçdiyimiz yoldan dönək. Ancaq şəxsən mən "Barsa"nın həqiqətən də İspaniya liqasını tərk edərək hansısa başqa bir liqada oynamasına üstünlük verərdim", – Juana Ramon Barbu deyir.
"Barselona"nın başqa liqada oynayıb-oynamayacağı indi Kataloniya parlamenti və onun qərarından asılıdır. Artıq bir həftədir ki, bütün ölkə gözləyir: millət vəkilləri İspaniya Konstitusiya Məhkəməsinin qadağan etdiyi müstəqillik səsverməsi üçün toplaşacaqlar, yoxsa yox? Müstəqillik elan edilərsə, klubun qarşıda hələ çox işi var. Beynəlxalq çempionatlarda iştirak edə bilməkdən ötrü komanda hansısa dövlətin futbol federasiyasının tərkibində olmalıdır. Kataloniya dövləti isə, güman ki, hələ yaxın zamanda beynəlxalq səviyyədə tanınmayacaq.