Hazırda Azərbaycandan kənarda yaşayan jurnalist İlqar Vəliyev Ağdamda peşə fəaliyyətini yerinə yetirərkən işgəncələrə məruz qalıb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov "Facebook"-da məlumat verib. Vəkil jurnalistin izahatını təqdim edib.
Jurnalistin sözlərinə görə hadisə bu ilin martında baş verib.
İlqar Vəliyev ifadəsində əlaqədar qurumların araşdırma aparmasını istədiyini bildirib.
"BELİMİN ÜSTÜNƏ ÇIXIB GƏZİRDİLƏR"
Jurnalist bildirib ki, müxtəlif media qurumları ilə əməkdaşlıq edir və atəşkəs pozulması halları ilə bağlı reportaj hazırlamaq üçün 2017-ci il martın 3-də cəbhə bölgəsinə yollanıb. Bu zaman özlərini təqdim etməyən hərbçilər ona yaxınlaşıb və onlarla getməyini istəyiblər.
“Mən razılaşdım. Maşınla bir qədər yol getdikdən sonra gözlərimi bağlayacaqlarını dedilər. Etiraz etdim, ancaq faydası olmadı. Məni N saylı hərbi hissəyə apardılar. Orada maşından düşərkən 4-5 nəfər məni yerə yıxaraq döyməyə başladı. Gözlərim bağlı idi deyə görə bilmirdim üzlərini. Bel və qarın nahiyəmə zərbələr endirdilər. Məndən “erməni casusu” olduğumu söyləməyimi tələb edirdilər. Mənim Gürcüstana gedib, oradan da gizli yolla Ermənistana keçib, tapşırıq aldığımı bildirirdilər. Məni otağa salıb, belimə zərbələr endirirdilər, belimin üstünə çıxıb gəzirdilər”.
"QOHUMLARIMI DA GƏTİRDİLƏR"
İlqar Vəliyevin sözlərinə görə, daha sonra onu komandirin yanına aparıblar:
“Komandir məni təhqir edib, “erməni casusu” olduğumu etiraf etməyimi istəyirdi. Mən ora jurnalist kimi getdiyimi və ermənilərlə əlaqəmin olmadığını deyirdim. Bu cavablar onları qane etmirdi və döyməyə davam edirdilər. Məndən sonra Ağdamda yaşayan qohumlarımın da gözlərini bağlayıb hərbi hissəyə gətirib, sorğu sual etdilər. Mənim qədər olmasa da, onlara da xəsarət yetiriblər”.
Jurnalist bildirib ki, hərbi hissədə saxlanılması ictimailəşdikdən sonra komandirlər narahat olmağa başlayıb və axşam saatlarında onu azad ediblər. Ancaq baş verənləri heç kəsə danışmaması barədə xəbərdarlıq ediblər.
"BARƏMDƏ CİNAYƏT İŞİ VAR"
İ.Vəliyev Bakıya qayıdandan sonra jurnalist həmkarları onun bədənində xəsarət izlərinin fotolarını çəkiblər. Ağrıları artan jurnalist bir neçə gün sonra müalicə üçün Gürcüstana gedib. Orada hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının da yardımı ilə müalicə alıb.
Jurnalist ifadəsində bildirib ki, ölkədə olmadığı müddətdə onun barəsində hökumət mediasında yazılar yayılıb. Həmin yazılarda İ.Vəliyev qeyri-qanuni əməllərdə ittiham edilib. Jurnalist qeyd edir ki, Azərbaycanda barəsində cinayət işi var, lakin cinayət işinin detalları barədə məlumat verilmir.
Məsələyə münasibət bildirən vəkil Elçin Sadıqovun sözlərinə görə, baş verənlərlə əlaqədar bütün gərəkli hüquqi addımlar atılacaq, araşdırılması üçün yaxın günlərdə Baş Prokurorluğa, Hərbi Prokurorluğa, Ombudsmana və digər əlaqədar qurumlara müraciət ediləcək.
Jurnalistin iddiaları ilə bağlı hələlik, Müdafiə Nazirliyi açıqlama verməyib.
İ.Vəliyev sərbəst buraxıldıqdan sonra başına gələnlər barədə detallı məlumat yaymamışdı.
O zaman rəsmi qurumlar, eləcə də Müdafiə Nazirliyi İ.Vəliyevin saxlanılması ilə bağlı geniş məlumat verməmişdi. Ağdam rayon Polis Şöbəsi jurnalistlə bağlı bilgili olmadığını, belə saxlama halının baş vermədiyini açıqlamışdı.